Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır Azərbaycan-Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" tezisinə əsaslanır. 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı.
İşğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında məhz Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Şuşa Bəyannaməsinin özünəməxsus tarixi, hüquqi və siyasi əhəmiyyəti var. Bəyannamə olduqca geniş və demək olar ki, bütün sahələrdə Azərbaycanla Türkiyə arasındakı münasibətlərin qardaşlığını və qətiyyətini həm özətləyir, həm də yeniləyir.
Şuşa Bəyannaməsi imzalanarkən cənab prezident İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
Bu sənədin əsas məqsədi tərəflərin ümumi maraqlarının qorunmasına, bölgədə sülhün və əmin-amanlığın bərpa edilməsinə, tərəflərin imkanlarının birləşdirilməsinə, həm regional, həm də beynəlxalq əhəmiyyət daşıyan strateji məsələlərdə qarşılıqlı, vəhdət halında fəaliyyət göstərilməsinə yönəlib. Şuşa Bəyannaməsinin imzalanması ilə regionda yeni inkişaf mərhələsinin əsası qoyuldu. Bu istiqamətdə bəyannamənin ən mühüm aspektlərindən biri hərbi müttəfiqlik məsələlərini əhatə etməsidir. Bu bəyannamə ilə tərəflərin hərbi, siyasi, iqtisadi sahələrdə müttəfiqliyi beynəlxalq hüquq normalarına uyğun olaraq təsbit olunmuş və bütün dünyanın diqqətinə çatdırılıb.
Həm Azərbaycan və Türkiyə, həm də ümumiyyətlə, region üçün tarixi önəm daşıyan Şuşa Bəyannaməsində qeyd edilən məsələlərin yer alması hər iki ölkə üçün təhdid mövqeyində duran bütün qüvvələrə, eyni zamanda, Ermənistandakı revanşistlərə ciddi siyasi, hərbi xəbərdarlıqdır. Bu sənədlə faktiki olaraq yeni regional hərbi-siyasi blok yaranıb ki, onun da əsas məqsədi ərazi bütövlüyünə təhdid yarandığı halda, ölkələrin bir-birinin yanında olması faktını hərbi, siyasi, diplomatik qaydalarla təsdiq etməkdən ibarətdir.
Şuşa Bəyannaməsi hərbi əməkdaşlıq sahəsində bir sıra məsələlərin həllinə yol açır. Bu, hər şeydən əvvəl sənədi imzalayan hər iki dövlətin silahlı qüvvələrinin müasir tələblər səviyyəsində modernləşməsindən, Azərbaycan Silahlı Qüvvələrinin türk ordusu modelində qurulmasından, müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində birgə strateji fəaliyyətin təmin edilməsindən, hərbi təhlükəsizliyin daimi və əbədi olması üçün təxirəsalınmaz tədbirlərin reallaşdırılmasından, ən son texnologiyalara əsaslanan hərbi texnika, maşın, mexanizmlərin, silah və sursatların istehsal və idarə edilməsindən, eyni zamanda, bu istiqamətdə digər məqsədləri həyata keçirmək üçün zəruri qurumların fəaliyyətlərini tənzimləməkdən ibarətdir.
Bəyannamənin tarixi əhəmiyyəti həm də onunla bağlıdır ki, bu tarixi sənəd ictimai həyatımızın digər sahələrinə aid olan məsələlərin həllini də gerçəkləşdirəcək. Başqa sözlə, bəyannamə həm iki ölkə arasında, həm də regionda, eləcə də beynəlxalq aləmdə iqtisadi-ticari əlaqələrin sürətlə inkişafına təkan verəcək. Belə ki, bəyannamədə xüsusi məsələ kimi vurğulanan Zəngəzur dəhlizinin açılması zərurəti iqtisadi, ticarət, nəqliyyat məsələlərinin həllində mühüm rol oynayacaq. Bu dəhlizin açılması isə siyasi önəm daşımaqla yanaşı, daha çox iqtisadi əhəmiyyətə malik olacaq.
Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti Azərbaycan üçün daha vacibdir. Belə ki, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir.
Azərbaycanla Türkiyənin dövlət başçılarının imzaladığı Şuşa Bəyannaməsi əsasında qurulan əməkdaşlıq, müttəfiqlik getdikcə daha da inkişaf edəcək, addım-adım növbəti uğurlara nail olacaqdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “ Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”. Şuşa Bəyannaməsinin digər mühüm əhəmiyyəti xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Proseslərin çox dinamik və sürətlə dəyişdiyi bir zamanda beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük ehtiyac vardır. Bütövlükdə, Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət etməklə yanaşı, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.
Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək, həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajı olan, həmçinin ölkələrimiz arasında bütün sahələrdə inteqrasiyanın nümunəsi olan Bəyannaməyə imza atdı. Ən əsası, bu Bəyannamə region üçün yeni tarixi gerçəklik oldu.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
müəllimi Məlahət Mustafayeva

Oxşar xəbərlər