
Bəs onun seçilməsi digər ölkələrə necə təsir edəcək?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı siyasi ekspert Kənan Novruzov açıqlama verib:
"Yeni kanslerin işi heç də asan olmayacaq. Çünki Almaniya daxilində köklü problemlər var. Onların yaxın gələcək üçün birdəfəlik həlli demək olar mümkün deyil.
İkinci bir tərəfdən isə ölkənin xarici siyasətində də ciddi dəyişikliklərin olacağı gözlənilmir. Bəzi regional məsələlərlə bağlı epizodik redaktələr edilə bilər. Amma bu dəyişikliklər ciddi nəticə ilə yadda qalmayacaq.
Məsələ burasındadır ki, bu gün dünyada çox ciddi geosiyasi proseslər gedir. Dünya nizamı yenidən formalaşır. Belə bir vəziyyətdə dünya dövlətlərinin ənənəvi siyasətlərindən imtina edib, ani manevr etmələri mövcud xaosu daha da dərinləşdirə bilmir. Odur ki, rəsmi Berlin buna getməyəcək. Və Avropanın güclü aktorlarından biri kimi ənənəvi siyasətini davam etdirəcək. Ümumiyyətlə, Almaniyanın xarici siyasətində ciddi dəyişiklik olmayacaq. Bu, Cənubi Qafqaz regionu ilə bağlı da belə olacaq".
O, qeyd edib ki, F.Merz təcrübəli siyasətçi olsa da, heç vaxt fərqlənməyib. Onun diqqət göstərdiyi əsas sahələrdən biri miqrasiya, o cümlədən qanunsuz miqrasiyaya qarşı mübarizədir. Bu məsələ Almaniyanın yeni iqtidarı dövründə, yəqin ki, prioritet olacaq. Dünya dövlətləri ilə münasibət isə aşağı-yuxarı olduğu kimi davam edəcək.