Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır

Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır

Azərbaycan və Türkiyə arasındakı dostluq əlaqələri qədim tarixə malikdir. Bunun əsas səbəblərindən biri hər iki dövlətin demək olar ki, eyni mədəniyyət, adət və ənənəyə malik olmasıdır. Eyni türk qoluna mənsub olmağımız, din, dil, irqimizin eyni olması bizi bir-birimizə daha doğma hiss etdirir. Azərbaycan və Türkiyə bir növ bir almanın iki yarısına bənzəyir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev bu doğmalığı “bir millət, iki dövlət” ifadəsi ilə daha da zəngin şəkildə ifadə etmişdir. Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk isə bu doğmalığı belə ifadə etmişdir: “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”. Hər iki dövlətin sabiq başçılarının yürütdüyü bu siyasət, dostluq əlaqələri indi də Azərbaycan Respubikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Erdoğan tərəfindən uğurla davam etdirilir. Buna bariz nümunə yaxın keçmişdə baş vermiş 2 hadisəni göstərə bilərik: 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ.
Bildiyimiz kimi, tarix boyu Qarabağ bizim qanayan yaramız, qan yaddaşımız olmuşdur. Mənfur düşmən Ermənistan tərəfindən torpaqlarımızn 20%-i zəbt edilmiş, yerli əhaliyə divan tutulmuşdur. 1990-cı ildən bəri davam edən bu qəsbkarlığın daima sülhlə həll edilməsinin tərəfdarı olan Azərbaycan artıq anlamışdı ki, uşaq, yaşlı, qadın fərq etmədən amansızlıqla qətllər törədən, cani bir dövlətlə sülhlə nəyisə həll etmək mümkünsüzdür. Buna görə də danışıqlarla yola gəlməyən, torpaqlarımızdan çıxmayan düşməni Prezident İlham Əliyevin təbirincə desək, iti qovan kimi qovduq.
Təbii ki, belə bir anda bizə yardım edən bir çox dövlətlər oldu ki, bunlardan ən birincisi Türkiyə idi. İstər müharibə meydanında, istərsə də siyasi arenada Azərbaycana göstərdiyi dəstək bizi qalibiyyətdən-qalibiyyətə doğru ilhamlandırmış, bəzi iri dövlətlərin Azərbaycanı qorxutmaq, geri çəkilməsi üçün göstərdiyi gücü əzmişdir. Bu dəstək Türkiyənin həm rəsmi dairələri, həm də ictimaiyyəti tərəfindən gəlirdi. Sosial şəbəkələrdə milyonlarla azərbaycanlı ilə birlikdə türkiyəli gənclər də ermənilərin iç üzünün açılması, beynəlxalq kanallarda ermənilərin Gəncədə, Bərdədə törətdikləri terror hadisələrinin göstərilməsi üçün həştəqlər yaratmış, postların milyonlara çatması üçün əllərindən gələni etmişlər. Nəinki ermənilər, dünya belə belə birlik, dostluq, qardaşlıq görməmişdir. Bütün dünya Azərbaycanın çıxdığı bu çətin yolda tək olmadığını, yanında Türkiyə kimi böyük, siyasi arenada öz sözünü demiş, mərd, qorxmaz xalqı olan bir dövlətin olduğunun canlı şahidi olmuşdur.
Türkiyə Azərbaycanın çətin günündə yanında olduğu kimi Azərbaycan da Türkiyəni ən çətin anında tək buraxmadı. 2023-cü ildə Türkiyə gözünü öz tarixində baş vermiş ən dəhşətli zəlzələyə açdı. 10-a yaxın şəhəri yerin altında qalmış, 48448 nəfər yaxın adam ölmüş, 13 milyondan çox adam yaralanmış, 80 mindən çox bina dağılmışdı. Milyonlarla insan qışın günündə çöldə qalmış, soyuqdan ölmüşdü. Bir gecənin içində isti geyimsiz, yeməksiz, ən acısı isə doğmalarsız qalmış milyonlar..
Bu ağrını, acını dərindən, özü yaşayırmış kimi hiss edən doğma xalqımız küçələrə axışdı, yardım kompanyaları yaradıldı. İnsanlar geyimlər, zəruri, vacib əşyalar, uşaqlar üçün oyuncaqlar, soyuqdan donan insanların isinmələri üçün yun geyimlər, ədyal, yorğanlar, qab-qaşıq gün ərzində yaşamağımız üçün bir insana lazım olan bütün əşyalar yeşik-yeşik yığılır maşınlara yüklənir və Türkiyəyə yola salınırdı. İnsanlar gecələr yatmır, əşyaları daşıyır, xüsusi paketləyir, ehtiyatla maşınlara yükləyirdilər. Hətta aralarında məktub yazıb paketlərin arasına qoyanlar da olurdu. O dəhşətli yerdə məktubu açıb oxuyan şəxsin üzündə azacıq gülümsəmə yaranması, o isti nəfəsi duyması insanlıq üçün hər şeyə bərabər idi.
Tarix boyu istər Azərbaycanın, istərsə də Türkiyənin başı bəlalardan açılmamışdır. Son baş verən iki hadisə bunun bariz nümunəsidir. Lakin baş verən hadisələr nə qədər çətin, dözülməz olsa da, çoxlu itkilərlə nəticələnsə də, biz bu hadisələri tək yaşamamış, bir-birimizin yanında olmuş və dəstəyimizi əsirgəməmişik. Məhz buna görədir ki, dost kəlməsinin yanında qardaş sözü də daima işlənir. Çünki iki dövlət arasında olan münasibət dostdan irəlidir.

Bakıxanov qəsəbəsi, 213 nömrəli məktəb-liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimi Məsumə Abbasova




Oxşar xəbərlər