TÜRKİYƏDƏ BAŞ VERMİŞ ZƏLZƏLƏ

TÜRKİYƏDƏ BAŞ VERMİŞ ZƏLZƏLƏ
Türkiyə seysmik zonada yerləşir. Ölkənin çox hissəsi Anadolu tektonik ərazisində yerləşir. Bu ərazi isə Avrasiya, Afrika və Ərəb tektonik lövhələrinin arasında yer tutur. Bu lövhələr yer dəyişdikcə tez-tez bu bölgədə zəlzələlərin baş verməsinə səbəb olur.
Tarixə baxsaq Türkiyədə dəfələrlə itkilərlə nəticələnən zəlzələlər baş verib. Fevral ayının altısında baş verən güclü zəlzələ bu bölgənin ən aktiv zəlzələ bölgəsi olduğunu xatırlatdı.
Fevral ayının 6- da baş verən güclü zəlzələdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlamış və ağır insan itkisi ilə nəticələnən zəlzələnin Azərbaycanı da dərin kədərə boğduğunu bildirmişdir. Prezident İlham Əliyev Azərbaycanın hər daim Türkiyənin yanında olduğunu bildirərək lazım olan bütün yardımları həyata keçirməyə hazır olduğunu da qeyd etmişdir.
Türkiyədə müxtəlif ölkələrin xilasediciləri dağıntılar altında qalan insanlara yardım etmək üçün çalışır. İlk yardım göstərən ölkələr arasında birinci yerdə biz Azərbaycanın adını görürük. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir. Çünki Azərbaycan dövləti, Azərbaycan xalqı Türkiyənin acısına öz acımız kimi kədərlənir, sevincinə öz sevinci kimi şərik olur. İki dövlət, bir millət ifadəsi hər zaman öz təstiqini tapmışdır.
Fevral ayının 8-də Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olmuş və çıxışında Azərbaycanın ilk dəqiqələrdən Türkiyənin yanında olduğunu bildirərək sona qədər bu dəstəyin davam edəcəyini bildirmişdir. Eyni zamanda Azərbaycan xalqı da yardım üçün səfərbər olmuş, əllərindən gələn hər cür yardımı əsirgəməmişlər. Bu xalqımızın , Türk dünyasının birliyidir.

Bakıxanov qəsəbəsi,72 saylı məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə

Oxşar xəbərlər