Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq!

Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq! Tarixi köklərə və qardaşlığa əsaslanan Türkiyə Azərbaycan münasibətləri müasir dövrdə də inkişaf etməkdədir.
Dövlətimiz müstəqillik qazandıqdan sonra müstəqilliyimizi tanıyan ilk dövlət Türkiyə olmuşdur.
1992-ci ilin yanvar ayından hər iki dövlət arasında diplomatik əlaqələr yaradılmışdır. 1992-ci ilin avqustunda Türkiyədə Azərbaycanın səfirliyi, 1993-cü ilin yanvarında İstanbulda, 2004-cü ilin aprelində Qarsda Azərbaycanın Baş konsulluğu açılmışdır. Həmçinin Türkiyənin Bakıda səfirliyi, Naxçıvan və Gəncədə isə Baş konsulluqları fəaliyyət göstərir. Son 30 il ərzində Azərbaycanla Türkiyə arasında xarici siyasətlə bağlı 400-ə yaxın sənəd, saziş, razılaşma imzalanmışdır.
Mübariz Azərbaycan xalqı qardaş Türkiyədən ən böyük dəstəyi II Qarabağ müharibəsində aldı. Tariximizə şərəfli Zəfər tarixi kimi yazılan 44 gün davam edən İkinci Qarabağ savaşında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş dövlətin, onun hökumətinin və xalqının Azərbaycana göstərdiyi siyasi mənəvi dəstək unudulmazdır. 2021-ci il 15 iyunda Şuşa şəhərində imzalanmış "Şuşa bəyannaməsi" isə iki dövlət arasında qardaşlığın təzahürü oldu.
Hər iki dövlət arasında siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə əlaqələr genişləndirilmişdir. Bu istiqamətdə dövlət rəhbərlərinin qarşılıqlı səfərləri də əhəmiyyətli rol oynayır. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev 19 fevral 2024-cü ildə Ankaraya rəsmi səfərində mətbuata verdiyi bəyanatda vurğulamışdır ki, Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı.
Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!", Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət!" prinsipinə əsaslanan əlaqələrimiz günü-gündən daha da inkişaf etdirilməkdədir...
Birdir bizim hər halımız
Diləyimiz, amalımız
Bayraqlarda hilalımız
Dinimiz bir, dilimiz bir
Ayımız bir, ilimiz bir
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.

Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
Tarix müəllimi Jalə Qurbanova

Oxşar xəbərlər