Dünya ölkələri içərisində Azərbaycanla Türkiyə qədər bir-birinə arxa-dayaq olan, sevincini, kədərini bölüşən ölkələr yoxdur

Dünya ölkələri içərisində Azərbaycanla Türkiyə qədər bir-birinə arxa-dayaq olan, sevincini, kədərini bölüşən ölkələr yoxdur


Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir. Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət, iki dövlət" olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsllərinə əbədi olaraq bir mesaj qoymuşlar: Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.
Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan 13-cü Prezident kimi Azərbaycana səfərə gəlib. Bu, bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyinin, iki ölkə arasındakı əlaqələrinin sarsılmazlığının nümayişidir. Seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. Azərbaycan tarixinin ən həlledici məqamında – 44 günlük Vətən müharibəsi dövründə tək olmadığını hiss etdi, kürəyini öz qardaşına arxayınlıqla söykəyib Zəfərə doğru inamla addımladı. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana verdiyi siyasi dəstək, əleyhimizə olan qüvvələrə qarşı sərt bəyanatları ilə xalqımızın ona olan sevgisini birəbeş artırdı. Qardaş ölkənin dəstəyi bununla yekunlaşmadı. Müharibənin ardından Zəfər paradında güc nümayişi, Şuşa Bəyannaməsinin imzalanması, azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə ilk olaraq Türkiyə şirkətlərinin qoşulması bizə qarşı olan qüvvələrə bir mesaj oldu. Azərbaycan xalqı da Türkiyənin ən ağrılı günlərində özünü qardaşının köməyinə çatdırdı. İstər meşə yanğınlarında, istər zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyə çağırış etmədən ilk olaraq Azərbaycan özünü darda olan qardaşının dadına yetirdi. Qardaş ölkədə baş verən zəlzələdən sonra sıravi vətəndaşların yardımlar göndərmələri, əllərində olanı əsirgəməmələri görüntüləri yəqin ki, tarix boyu unudulmayacaq. Əminliklə deyə bilərik ki, dünya ölkələri içərisində Azərbaycanla Türkiyə qədər bir-birinə arxa-dayaq olan, sevincini, kədərini bölüşən ölkələr yoxdur. Bütün bunlar bir tərəfdən də Türk dünyasının güclənməsi deməkdir.












Azərbaycan_Türkiyə əlaqələri Əliyev-Ərdoğan münasibətlərinin inikasıdır. Belə ki, bu ölkələrin liderləri imkan düşdükcə bütün səviyyələrdə, bütün vəziyyətlərdə bir-birinin yanında olduqlarını, sevinc və kədərinin eyni dərəcədə bölüşdüklərini bəyan edirlər. Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevə və ölkəmizin birinci xanımı Mehriban Əliyevaya qarşı xüsusi münasibət sərgiləməsi hər kəsin, o cümlədən dünya mediasının diqqətini cəlb etdi. Bu qardaşlıq münasibətləri üzvi surətdə bütün sahələrə sirayət edir və bütün istiqamətlərdə, o cümlədən beynəlxalq müstəvidə öz əksini tapır. Azərbaycan Prezidenti əməkdaşlığımızın bütün sahələrdə konkret proqramlar əsasında inkişaf etdiyini vurğulamışdır.
Postmünaqişə dövründə Cənubi Qafqazda və bütövlükdə Avrasiya məkanında yaranmış yeni reallıqlar şəraitində Orta Dəhlizin önəmi daha da artır. Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın təbii qazın və bərpaolunan enerji növlərinin ixracının artırılması üçün böyük potensial formalaşmaqdadır. Xəzər dənizi ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi və bununla paralel olaraq nəqliyyat və logistika imkanları ildən-ilə genişlənir. Yaxın illərdə Bakı Dəniz Limanının tranzit imkanları 25 milyon tona çatacaq. Bu kontekstdə Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğunu və bu istiqamətdə birgə səylərin gücləndiriləcəyini bəyan etmişdir: “Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”.
Prezident Rəcəb Tayyib Ərdoğan cənab İlham Əliyevin mövqeyini bölüşərək, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələrin bütün sahələrdə inkişaf etdirməkdə, Şuşa şəhərində Türkiyə Respublikasının baş konsulluğunun açılmasında qərarlı olduğunu bəyan etmişdir. Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. Bü niyyətlərin reallaşması Bakı ilə Ankara arasındakı münasibətlərə yeni bir töhfə olacaq.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
müəllimi Rasimə Ağamalıyeva


Oxşar xəbərlər