Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir

Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə  konkret proqramlar əsasında inkişaf edir
Qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında tarixən və bu gün dostluq və müttəfiqlik səviyyəsində münasibətlər formalaşmışdır. Bu münasibətlər dərin tarixi köklərə bağlanır. Bizə yaxın olan təkcə yüz illik bir tariximizə nəzər saldıqda qardaşlıq münasibətlərinin necə qırılmaz tellərlə bağlı olduğunu müşahidə edirik. I Dünya Müharibəsi və Azərbaycan Xalq Cümhuriyyəti dövrlərində, həmçinin sovetlər dönəmində Azərbaycan və Türkiyə arasında qarşılıqlı yardıma əsaslanan sıx əməkdaşlıq daim mövcud olmuşdur.
Müstəqillikdən sonra həm ümummilli lider Heydər Əliyevin, həm də onun layiqli davamçısı İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan-Türkiyə siyasi, iqtisadi və hərbi əməkdaşlığı ən yüksək səviyyədə inkişaf etmişdir.
İkinci Qarabağ müharibəsində Türkiyənin iqtidar və müxalifətinin, həm¬çi¬nin mediasının Azərbaycanın yanında olması ölkəmizin qələbə əldə etməsində, Azərbaycana qarşı Ermənistanın işğalçı mövqeyinin ifşa olunmasında mühüm rol oynadı. Türkiyə Respublikasından alınmış ən müasir hərbi texnikaların, xüsusilə Bayraktar pilotsuz uçuş aparatlarının Azərbaycan əsgərinin yanında olması qələbənin təminatında çox böyük rol oynadı. Xüsusilə Azərbaycan mediası ilə birgə Qarabağ həqiqətlərinin işıqlandırılmasında rolu olan Türkiyə telekanallarının, xəbər portallarının, qəzetlərin, sosial şəbəkələrin müstəsna rolu tarixi Zəfərin qazanılmasında öz bəhrəsini verdi.
Türkiyə müharibədən sonra Qarabağda təhlükəsizliyin təmin olunması və nəzarətdə saxlanıl¬ması prosesinə də dəstəyini verir. Bu gün Ağdam rayonunun Mərzili kəndi yaxınlığında Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Əlbəttə, birgə Monitorinq Mərkəzinin fəaliyyəti bölgəmizin sabitliyini qorumaq üçün çox önəmli amildir. Mərkəz pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinqlər aparır.
Hazırda ölkələrimiz arasında qardaşlıq və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər ən yüksək səviyyəyə qaldırılıb. Bu və digər əməkdaşlıq protokolları Azərbaycanın istər iqtisadi, istərsə də hərbi baxımdan təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin istər siyasi, istərsə də hərbi cəhətdən Azərbaycan dövlətinin yanında olması ilə bağlı bəyanatları iki dövlət arasındakı münasibətlərin ən yüksək səviyyədə olmasını göstərir.
Türkiyədəki son prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsindən sonra Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyub. Türkiyə prezidenti Şimali Kiprdən sonra ikinci xarici səfərini məhz Azərbaycana etdi. İnanırıq ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək və bu münasibətlər hər iki ölkənin çiçəklənməsinə və regionda nüfuzunun daha da artmasına təkan verəcəkdir.

Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
Riyaziyyat müəllimi Gülnar Quliyeva



Oxşar xəbərlər