44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək isə xalqımız tərəfindən ən yüksək qiymətə layiq görüldü

44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək isə xalqımız tərəfindən ən yüksək qiymətə layiq görüldü Cənab prezident İlham Əliyev 25 sentyabr 2023-cü il tarixində Türkiyə prezdenti Rəcəb Tayib Ərdoğan ilə Naxçıvanda görüşüb. Çıxışı zamanı cənab prezident İlham Əliyev Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən də danışıb. Cənab prezident İlham Əliyev qeyd etmişdir ki, xüsusən II Qarabağ döyüşlərində bütün Türkiyə xalqı bizim yanımızda olub.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqillik aktı qəbul edildi. Bundan qısa müddət sonra, yəni, noyabrın 9-da qardaş Türkiyə Azərbaycanı müstəqil ölkə kimi tanıdığını bəyan etdi. Beləliklə, Türkiyə həm də Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə kimi tarixə düşdü. İki ölkə arasında diplomatik əlaqələr isə rəsmi olaraq 1992-ci ilin 14 yanvarından başladı.
Qardaş Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə çatdırılması Ulu öndər Heydər Əliyevin prezidentlik dövründə daim diqqət mərkəzində saxlanıldı, yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan müzakirələr sayəsində böyük tarixə malik qardaşlıq bağları daha da möhkəmləndirildi. Ümummilli lider Heydər Əliyev ilə Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəl arasındakı dostluq münasibətləri qardaş xalqlarımızın daha da yaxınlaşmasında, ölkələrimizin beynəlxalq arenalardakı mövqelərinin daha da möhkəmlənməsində önəmli rol oynadı.
Cənab prezident İlham Əliyevin prezidentlik dövründə də qardaş Türkiyə ilə münasibətlərin inkişafı ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi saxlanıldı. Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri ölkələrimiz arasındakı dostluq bağlarının daha da möhkəmlənməsinə, qardaş xalqlarımızın maraqlarının beynəlxalq miqyasda təmin olunması işinə xidmət edir. 2014-cü il aprelin 26-da Praqada Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Sammitində Ermənistan prezidentinin qardaş Türkiyəyə qarşı əsassız iddialarına Prezident İlham Əliyevin “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm” cavabını verməsi ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ən bariz göstəricilərindən biridir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan və Türkiyə bütün beynəlxalq platformalarda bir-birlərinin ədalətli mövqelərini dəstəkləyir və birgə fəaliyyət göstərirlər.
44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək isə xalqımız tərəfindən ən yüksək qiymətə layiq görüldü. Türkiyə hakimiyyəti, xalqı bütün dünyaya Azərbaycan ilə həmrəy olduqlarını nümayiş etdirdilər. İkinci Qarabağ müharibəsinin hər anını bir qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadı. Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirildi. Bu tarixi Qələbədən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi isə iki ölkə arasındaki birliyin daha da üst səviyyələrə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu.
Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir.


Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə

Oxşar xəbərlər