Əməkdaşlığın inkişaf dinamikası

Əməkdaşlığın inkişaf dinamikası
Ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edir. Ölkələrimiz arasındakı münasibətlərin ilkin versiyasına qısaca nəzər salsaq görərik ki, hələ ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Şübhəsiz ki, iki xalqı yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Rəsmi mənada isə diplomatik münasibətlər 1995-ci ildə qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyədək iki qardaş ölkə arasında 150-dən çox sənəd imzalanıb. Azərbaycan və Özbəkistan arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Şübhəsiz ki, bu münasibətlər məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində daha da güclənib. Ümummilli lider Heydər Əliyev və Özbəkistanın dövlət başçısı İslam Kərimov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub.
Əsası Heydər Əliyev və İslam Kərimov tərəfindən qoyulan bu siyasəti indi Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev yeni məzmun və formada inkişaf etdirirlər. Dövlət başçıları səviyyəsində mövcud olan dostluq-qardaşlıq əlaqələri Azərbaycanla Özbəkistanı bir-birinə daha da yaxınlaşdırır, ölkələrimiz arasında yeni əməkdaşlıq imkanları açır. Türk kökünə bağlılıq, qan və can qardaşlığı nəticəsində iqtisadi tərəfdaşlığın hazırkı səviyyəsi onu deməyə əsas verir ki, bu əlaqələr sabah daha da genişlənəcək.
Məlumdur ki, Özbəkistanın dənizə çıxışı yoxdur. Amma Azərbaycan körpü rolunu oynayaraq qardaş ölkənin dünya iqtisadiyyatına inteqrasiya etməsində yardımçı olur. Şərqlə Qərb arasında nəqliyyat əlaqəsini təmin edən Orta dəhlizlə bağlı hər iki ölkə ortaq mövqedən çıxış edir. Bu, Özbəkistanın Azərbaycanı Avropaya çıxış əldə etmək üçün əsas ölkə kimi qəbul etməsində də görünür. Söhbət Çin-Özbəkistan-Türkmənistan və Qazaxıstan-Azərbaycan marşrutu üzrə məhsulların Avropa bazarlarına tədarükündən gedir. Bundan əlavə, sənayenin inkişafı sahəsində Özbəkistanın potensialı və Azərbaycanın energetika sahəsində əldə etdiyi uğurlar hər iki ölkə üçün iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə böyük imkanlar açır.
Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də Azərbaycana etdiyi növbəti səfərin ölkələrimiz arasında əməkdaşlığa daha güclü təkan verəcəyi şübhəsizdir. Səfər həm iqtisadi-ticarət, investisiya tərəfdaşlığının daha da genişlənməsinə yol açacaq, həm də enerji, regionlararası əməkdaşlıq, sənaye, xüsusilə avtomobil sənayesi, tekstil, kənd təsərrüfatı, nəqliyyat-tranzit, səhiyyə, turizm, humanitar və digər sahələr üzrə əlaqələrin potensialını işə salacaq.
Özbəkistan həmçinin, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə töhfə verən ilk ölkələrdəndir. Xarici dövlət tərəfindən maliyyələşdirilən ilk xarici layihə də məhz Özbəkistana məxsusdur. İşğaldan azad edilmiş Füzuli şəhərində Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagird yerlik məktəb binasının inşa edilməsi ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımıdır. Özbək xalqı adından Azərbaycana hədiyyə olaraq inşa edilən bu məktəb təkcə həcminin böyüklüyünə görə deyil, daşıdığı siyasi və ideoloji mövqeyinə görə də iki ölkə arasında bir simvol olacaq.


Sərvəddin Cəfərov,
Salyan bələdiyyəsinin sədri

Oxşar xəbərlər