Dostluq və etibarlı münasibətləri bildirən əlamətdar səfər

Dostluq və etibarlı münasibətləri bildirən əlamətdar səfər

Azərbaycanın dost, qardaş Özbəkistanla əlaqələrinin tarixi çox qədimdir. İki ölkə arasında əlaqələr təkcə dost münasibətlərinə deyil, həmçinin ortaq, oxşar bir çox dəyərlərə söykənir. Milli adət-ənənələrimiz, türk dilləri qrupuna aid olmağımız, oxşar mədəniyyətimiz və dinimiz eyni soydan olduğumuzu sübut edir.
Bəli, bu gün ölkələrimiz arasında əlaqələr bütün istiqamətlərdə uğurla davam etdirilir. Hazırda Özbəkistanda 40 mindən çox azərbaycanlı yaşayır. Onlar bu ölkənin sosial-iqtisadi, mədəni və digər sahələrində fəal iştirak edirlər. Ölkə başçısı İlham Əliyevin xarici siyasətində başlıca məsələlərdən biri də uzaq, yaxın, bütün dost və qardaş ölkələrlə əməkdaşlığa xüsusi önəm verilməsidir
Avqustun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizə dövlət səfəri iki ölkə arasındakı dostluq və həmrəylik münasibətlərinin dünyaya nümayişi olmaqla yanaşı ikitərəfli əlaqələrin daha da inkişafı baxımından mühüm rol oynayacaq. Tarixi köklərə və qardaşlıq, dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderinin uzaqgörən siyasəti nəticəsində artan templə inkşaf etməkdədir. Səfər çərçivəsində Azərbaycan və Özbəkistan arasında müxtəlif sahələr üzrə saziş və sənədlərin imzalanması, ölkələrimiz arasındakı münasibətlərin gələcək inkşafına mühüm töhvə vermiş oldu.
İki dost ölkənin prezidentlərinin təkbətək və geniş tərkibdə keçirilən görüşlərində müxtəlif sahələr üzrə ümumilikdə imzalanan 20 sənəd əlaqələrin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Bu sənədlər arasında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladıqları “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni xüsusi qeyd etmək istərdik. Bu sənəd həm ölkələrimiz arasında qədim tarixə malik münasibətlərin bu gün yüksək səviyyədə olduğunu, həm də ikitərəfli əməkdaşlığın gündəliyinin kifayət qədər zənginliyini nümayiş etdirir. Bu mühüm məqam da daim önə çəkilir ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb. Daşkənd və Bakı şəhərlərində Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin ucaldılması, paytaxt Bakının küçələrindən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələrindən biri kimi qeyd edilir. Özbəkistan Prezidentinin ölkəmizə səfəri çərçivəsində Füzuli rayonuna gəlməsi, məhz özünün təşəbbüsü ilə Füzulidə inşa olunan və Mirzə Uluqbəyin adını daşıyan 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirakı da möhkəm təmələ əsaslanan dostluğumuzun, qardaşlığımızın uğurlu gələcəyinin əyani təsdiqlərindəndir.
Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının qapısını dünyaya açan Azərbaycan qonaqlarını 30 ildən sonra tarixi sahibinə qovuşan torpaqlarda qarşılamaqdan məmnunluq hissi keçirir. Artıq bu ərazilərimizdə yeni həyat başlayır. Özbəkistan Prezidentinin Füzuli rayonuna səfəri soydaşlarımızın ilk mərhələsinin bu torpağa qayıdışına təsadüf etdi. Füzuli Beynəlxalq Hava Limanında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qarşılanması işğaldan azad edilmiş ərazilərimizin həyatında tarixi hadisədir.
İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən ötən il dövlət başçılarının imzaladığı “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə” hərtərəfli sıx əlaqələr üçün möhkəm hüquqi baza yaradıb. İldən-ilə möhkəmlənən Azərbaycan-Özbəkistan əməkdaşlığı Türk dünyasının birliyinə də mühüm töhfədir.


Rüfət Əliyev,
Salyan rayon Qızılağac kənd inzibati ərazi dariəsi üzrə nümayəndənin müavini, YAP fəalı

Oxşar xəbərlər