44 günlük vətən müharibəsi Azərbaycan xalqının gücünü dünyaya göstərdi

44 günlük vətən müharibəsi Azərbaycan xalqının gücünü dünyaya göstərdi
Xoşbəxtlik məfhumu ilə bağlı fərqli fikirlər deyirlər. Bildirilir ki, xoşbəxtlik deyə bir şey yoxdur, xoşbəxtlik kiçik anlardadır. Əgər o anları yaşayırıqsa, deməli, dəyərini bilməliyik. Çünki hər bir an, hər bir hiss keçicidir. İnsan sonsuza qədər bədbəxt hiss edə bilməyəcəyi kimi, sonsuza qədər xoşbəxt də hiss edə bilməz. Azərbaycan xalqı üçün ən xoşbəxt hiss etdiyi anlardan biri 10 noyabr gecəsidir. Üçtərəfli bəyanatın bağlandığı, insanların rahat nəfəs aldığı o gecə... Çünki o gün müharibə bitmişdi. 44 gün ərzində dimdik ayaqda qalmağa çalışan, kədəri, qorxunu, həyəcanı basdırmağa çalışan xalq var idi. Xalq kədərlə qüruru, xoşbəxtliklə bədbəxtliyi eyni anda hiss edirdi. Şəhid xəbərləri ilə düşmən tapdağı altından azad edilən torpaqların sevinci eyni anda yaşanırdı. Amma bəyanat bağlandığı gecə istisnasız hər bir azərbaycanlı ailəsində xoşbəxt dəqiqələr yaşanırdı. Arzular, diləklər gerçəklənmişdi. Şəhidlərimizin qanı boşuna axmamışdı, Qarabağ azad idi.
44 günlük vətən müharibəsi Azərbaycan xalqının gücünü dünyaya göstərdi. Əslində bu müharibə ən çox da bizim özümüzün özgüvənimizi artırdı. Doğrudur ki, istənilən müharibə ağırdır və insanların öldüyü heç bir müharibə tam olaraq haqlı sayılmaz. Amma 10 noyabr bəyanatı bizim haqq qələbəmiz idi. Çünki bu xalqın canı çox yanmışdı, qələbənin həsrətini çox çəkmişdik. Artıq alnıaçıq gəzirik. Bizdən sonrakı nəsillərə müharibə, qan, qada yox, azad bir ölkə ötürürük. Azərbaycanın şəhidləri, qaziləri, vətən müharibəsi iştirakçıları gənc nəslin üstündən bu ağır yükü götürdülər. Cənnət diyarı Qarabağ azad nəfəs alır. Artıq ayrılıq, həsrət, kədər mövzulu bayatılar söylənmir, “Qarabağ” deyiləndə gözlər uzaqlara dikilmir, baxışlar yerə zillənmir, ah çəkilmir. “Qaçqın” kəlməsi lüğətimizdən get-gedə silinir, hər kəs yurduna, vətəninə qayıdır. Xoşbəxtlik də elə vətənində, doğmalarının əhatəsində olmaqdır. Xoşbəxtlik daha gözəl günlər yaşanacağına ümid etməkdir. 44 günlük Vətən müharibəsi ümid etməyin, nikbin olmağın dəyərini yaşatdı. Səbr edəndə murada çata biləcəyimizi öyrəndik.
44 günlük müharibənin öyrətdiyi əsas məsələ isə birliyin gücü oldu. Uşaqlığımızdan etibarən bizə birliklə bağlı atalar sözləri, məsəllər öyrədilirdi. “El gücü, sel gücü”, “güc birlikdədir” və s. kimi cümlələri anlamını tam dərk etmədən söyləyirdik. Ya da nağıllarımızda birlik nəticəsində məqsədə nail olunduğunu oxuyurduq. Amma müharibədə anladıq ki, birlik bizi bir-birimizə yaxınlaşdıran çox böyük bir qüvvədir. Elə bir qüvvə ki, o bizi zirvəyə apara bilir. Tarix boyunca həmrəyliyini nümayiş etdirən xalq ikinci Qarabağ müharibəsində də yeri yerindən oynatdı.
Müharibə, həmçinin, Türkiyə-Azərbaycan qardaşlığını da alovlandırdı. Bakını xilas edən Nuru Paşanın nəvələri Qarabağın xilasında da köməyini əsirgəmədilər. Türkiyə Azərbaycana arxa, dayaq oldu, səbrimiz tükənəndə səbir, cəsarətimiz tükənəndə cəsarət, inadımız qırılanda inad aşıladı. “Nə yaxşı, nə yaxşı türk qardaşım var” dedirtdi. Ortada qazanılmış bir qələbə var. Bu qələbə dostluğun, qardaşlığın, birliyin, igidliyin qələbəsidir.


Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Qarayeva

Oxşar xəbərlər