Müharibə qələbə ilə bitdi və bu qələbəyə də anlı-şanlı bir parad yaraşdı

Müharibə qələbə ilə bitdi və bu qələbəyə də anlı-şanlı bir parad yaraşdı 44... Bu, Azərbaycan xalqı üçün bir rəqəmdən daha artıqdır. Bizim üçün 44 demək müharibə, həyəcan, bəzən göz yaşı, bəzən qürur deməkdir. Nələr yaşamadıq o 44 gündə? Bizim üçün zaman anlayışı dəyişmişdi. Sanki bir gün 24 saat deyil, bir əsrə bərabər idi. Hər an bir xəbər gözləyirdik. Xalq Ali Baş Komandanın ətrafında yumruq kimi birləşmişdi. 3000-ə yaxın şəhid verdik, o da yetməzmiş kimi şəhərlərimiz bombalandı, günahsız körpələrimiz öldü. Amma bütün bunlar bizim cəsarətimizi, qələbə əzmimizi qıra bilmədi. Xalq müxbirlərin əlindən mikrofonu alıb “Biz buradayıq, Vətənimizdəyik və sizdən qorxmuruq!” mesajları verdi.

Müharibə qələbə ilə bitmişdi və bu qələbəyə də anlı-şanlı bir parad yaraşardı. Cənab Ali Baş Komandan İlham Əliyev 2020-ci il dekabrın əvvəlindən möhtəşəm paradın keçirilməsi üçün göstərişlər verdi. Paradın keçiriləcəyi məkan bəlli idi: Azadlıq meydanı. Azadlığımızı qazandığımız meydanda 3000-dən çox əsgər zəfər yürüyüşü edəcəkdi.

2020-ci ilin 10 dekabrında baş tutan Zəfər paradına Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da dəvət olunmuşdu. Cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan əsgərləri salamladı və xalqı bu qələbə münasibətilə bir daha təbrik etdi. Rəcəb Tayyib Ərdoğan paraddakı çıxışı ilə qardaşlıq mesajı verdi. O, bildirdi ki, bu qələbə Əhməd Cavadın, Nuru Paşanın, Mübariz İbrahimovun ruhunu sevindirdi. Ərdoğanın çıxışında səsləndirdiyi “Arazı ayırdılar...” şeiri xalqı duyğulandırdı. Daha sonra iki dost, iki qardaş – Azərbaycan və Türkiyə liderləri Zəfər paradını qürurla izlədilər. Paradda Azərbaycan əsgəri ilə birlikdə türk əsgəri də addımladı. Türkiyənin parad heyətinə minbaşı Harun Ergen rəhbərlik edirdi. Türk əsgəri addımlayarkən bu şeir səslənirdi:

Neçə sirdaşın var, silahdaşın var,

Tarixə görk olan ər savaşın var,

Nə yaxşı, nə yaxşı türk qardaşın var!

Bu parad bütün dünyaya türkün birliyini, gücünü göstərdi. Zəfər paradı qardaşlıq paradı oldu.

Zəfər paradında diqqət çəkən məqamlardan biri də Şuşa şəhəri azad edilərkən qaldırılan bayrağın meydana gətirilməsi oldu. Bu, bizim Zəfər bayrağımız idi.

Biz bu möhtəşəm qələbəni şəhidlərimizə borcluyuq. Onların sayəsində o günləri hər zaman fəxrlə anırıq. Yaşasın, müzəffər Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!

Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Qarayeva


Oxşar xəbərlər