Qələbənin başlanğıcı olaraq göstərilən 2016-cı il aprel döyüşləri ordumuzun, əhalimizin, ölkəmizin işğala son qoymaq arzusunu daha da alovlandırdı

Qələbənin başlanğıcı olaraq göstərilən 2016-cı il aprel döyüşləri ordumuzun, əhalimizin, ölkəmizin işğala son qoymaq arzusunu daha da alovlandırdı
Azərbaycan öz iqtisadi-coğrafi mövqeyinə görə daim digər ölkələrin diqqətini cəlb etmişdir. Yenicə dirçəlməyə başlayan Azərbaycan Cumhuriyyəti qısa müddətdən sonra SSRİ tərkibinə daxil edilmişdi. Ölkəmiz uzun illər sovet hakimiyyətində qalsa da daim müstəqilliyə can atırdı. 1991-ci ildə Azərbaycan müstəqil olsa da ölkə daxilində gedən siyasi hərc-mərclik kənar qüvvələrin ölkə ərazisinə rahatlıqla daxil olmasına, işğalçılıqla məşğul olmasına səbəb oldu. Ermənilərin ölkə ərazisində məskunlaşdırılması zaman keçdikcə onların bu ərazilərdə torpaq iddiası etmələrinə gətirib çıxardı. Azərbaycanın dilbər guşələrindən olan qarabağ ərazisi ermənilərin diqqət mərkəzində idi. Onlar bu əraziləri millətimizin qanını tökərək, əhalini doğma yurdlarından didərgin salaraq və yalan faktlar uyduraraq işğal etməyə nail oldular.
30 illik işğal dövründə daim düşmən tərəfindən atəşkəs pozularaq, bir çox hərbçilərimiz şəhid olmuş və yaralanmışdır. Bu hadisələr təkrarlandıqca artıq hamı böyük qələbənin çox yaxında olacağını bilirdi və bunu arzulayırdı. Qələbənin başlanğıcı olaraq göstərilən 2016-cı il aprel döyüşləri ordumuzun, əhalimizin, ölkəmizin işğala son qoymaq arzusunu daha da alovlandırdı. 2020-ci il iyul ayında olan Tovuz döyüşləri isə qələbəyə gedən sonuncu dayanacaq idi. Bu hadisədən sonra millətin “Qələbə” şüarları daha da yüksəkdən eşidilməyə başladı.
27 sentyabr 2020-ci il bu tarix zəfərin başlanğıcı, eyni anda hamını həm kədərləndirən, həm də çox qürurlandıran bir tarixdir. 44 günlük müharibənin ilk günündən başlanaraq düşmən işğalından azad olunan mühüm strateji ərazilər hər kəsi çox ruhlandırmışdı. Artıq bu sonun başlanğıcı idi. Müharibə gedən bir dövrdə xalqımız, kiçikdən böyüyə hər kəs əlindən gələni əsirgəməyərək,daim orduya maddi, mənəvi dəstək verərək arxa cəbhənin əsas predmetlərindən birinə çevrilmişdi.
Müharibənin ilk günündən ermənilərin söylədiyi “qarabağ ermənistandır və nöqtə” sözləri artıq tarixdən silindi və əvəzində Ali Baş Komandanın dediyi “Qarabağ Azərbaycandır və nida!” şüarı bütün dünyaya səs salmağa başladı. Hər gün yeni ərazilərin azad olunması xəbəri hamını çox sevindirirdi, amma həmçinin bu sevinci bizə yaşadanların şəhidlərimiz, qazilərimiz olduğunu bilirdik. Bir tərəfimiz sevinərkən, bir tərəfimiz kədər içində idi. Ordumuz, şəhidlərin və yaralıların olmasına baxmayaraq “Qarabağ Azərbaycandır”, “Vətən sağolsun” sözləri ilə daim irəliləyirdi. Qəhrəmanlarımız yaralı yoldaşlarını çiyinlərində qaldırararaq o zirvələri fəth etmişdi. 44 günlük müharibə 8 noyabr tarixində Şuşanın düşmən işğalından azad olunması ilə yekunlaşdı və bu xalq tərəfindən çox böyük iftixar hissi ilə qeyd olundu. Prezident İlham Əliyevin müharibə yekunlaşdıqdan sonra 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anım Günü təsis edildi. Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə olan dərin ehtiramın göstəricisidir. Anım Günü gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi, bütün vətəndaşların həmçinin dünya azərbaycanlılarının birliyinin daha da gücləndirmək məqsədi ilə böyük rol oynayır.
Ali Baş Komandan İlham Əliyev qarşıda olan çətin və şərəfli vəzifəni layiqincə yerinə yetirdi və 10 noyabr tarixində düşmənə kapitulyasiya aktını imzalatdırdı. İmzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq ölkə ərazisində Ermənistan silahlı qüvvələrinin saxlanılması region üçün böyük təhlükə mənbəyi idi. 19 sentyabr 2023-cü ildə Qarabağ bölgəsində olan erməni silahlı birləşmələri tərəfindən quraşdırılan minanın partlaması nəticəsində mülki şəxslər, DİN Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olmuş, AAYDA – ya məxsus nəqliyyat vasitəsi sıradan çıxmışdır. Bu səbəblə Azərbaycan ordusu lokal xarakterli antiterror əməliyyatlarına başlamış və 24 saat keçmədən 20 sentyabr tarixində düşmən qüvvələrinin müəyyən olunmuş şərtləri qəbul edərək ağ bayraq qaldırıb təslim olmasına səbəb oldu. Ordumuz bir daha bütün dünyaya şəhidlərimizin qanının nahaq yerə tökülmədiyini və “dəmir yumruğun” gücünü sübut etdi.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Coğrafiya müəllimi Pikəxanım Vəliyeva

Oxşar xəbərlər