Azərbaycanın şanlı tarixinə parlaq, qürurverici 10 noyabr günü qızıl hərflərlə daxil oldu

Azərbaycanın şanlı tarixinə parlaq, qürurverici 10 noyabr günü qızıl hərflərlə daxil oldu Cənab prezident İlham Əliyev 5 iyul 2023-cü il tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxış edib.Çıxış zamanı İlham Əliyev bir çox məsələlərə toxunub. Cənab prezident İlham Əliyev həmçinin Azərbaycanın “44 günlük vətən müharisində” əldə etdiyi parlaq qələbə haqqında da məlumat verib.
Sentyabrın 27-də ermənilərin torpaqlarımızı müxtəlif istiqamətlərdən atəşə tutması və buna ordumuzun adekvat cavabı ilə başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə sona çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində qəhrəman döyüşçülərimizin fədakarlqları sayəsində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu.
Azərbaycan Dağlıq Qarabağın mədəniyyət mərkəzi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Şuşanın alınması xəbərini eşidən biz, Azərbaycan xalqı böyük həyəcan və sevinc hissi ilə bayram etdiyimiz günlərdə daha böyük bir qələbə xəbəri verən prezidentimiz İlham Əliyev dünyaya əsrin zəfərini bəyan etdi. 10 noyabr tarixi Azərbaycan tarixində Şanlı Qələbənin tarixi kimi iz saldı.
Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri də canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, ölkə rəhbərinin böyük sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu. Azərbaycanın apardığı müharibə ədalətli və müqəddəs Vətən müharibəsi idi. Eyni zamanda bu savaş şərlə xeyir qüvvələrinin mübarizəsinin məntiqi yekunu idi. Ordumuzun əks-hücum əməliyyatları zamanı döyüş taktikası ilk gündən hərb tarixi üzrə tanınmış mütəxəssislərin və ekspertlərin diqqətini cəlb etdi. Silahlı Qüvvələrimiz döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi.
Dünyanın 50 ən güclü silahlı qüvvəsi sırasında yer alan Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən, sarsıdıcı zərbələr altında geri çəkilən işğalçı Ermənistanın silahlı birləşmələri yenə də öz çirkin ənənələrinə sadiq qalaraq müharibə cinayətləri törətməkdən çəkinmədilər. Erməni faşistləri beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, mülki əhalini və infrastrukturu hədəfə alıb qadağan edilmiş kütləvi qırğın silahlarından istifadə etdilər. Cəbhədən kənarda yerləşən Gəncə, Mingəçevir, Yevlax, Daşkəsən, Xızı və Siyəzəni, cəbhəyanı Tərtər, Bərdə, Goranboy, Beyləqan və Ağcabədini müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində azyaşlı uşaqlar, məktəbli yeniyetmələr daxil olmaqla yüzdən çox dinc sakinimiz erməni terrorunun qurbanı oldular. Bu hərbi cinayətlər və terror aktları Azərbaycan xalqının məğrurluğunu və iradəsini qıra bilmədi. Qəlbində Vətən sevgisi yaşadan igidlərimiz mənfur düşmənin layiqli cavabını verdilər.
Qarabağın tacı olan Şuşamızı işğaldan azad edən cəngavər oğullarımızın şücaəti xüsusi ilə peşəkar hərbçilərin araşdırma mövzusu olacaq. Qədim Şuşa qalasının alınması həm də tam qələbəmizi müjdələyən zəfər oldu. Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir."
Azərbaycanın şanlı tarixinə parlaq, qürurverici 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Uzun illərboyu xalqımız bu tarixi ədalətin təntənəsini gözləyirdi. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə təxminən 28 il idi ki, kağız üzərində qalmışdı. Nəhayət, Azərbaycan bu tarixi ədaləti təkbaşına bərpa etdi! Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bunu düşmən də, onun havadarları da gördü. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi. Azərbaycan xalqının bu tarixi qələbəsi ilə erməni lobbisinin onilliklərboyu formalaşdırdığı güclü anti-Azərbaycan informasiya məkanı darmadağın edildi.
Döyüş meydanlarında böyük şücaət göstərən igid əsgər və zabitlərimiz Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə orden və medallara layiq görülürlər. Ali Baş Komandan İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə də Ordumuzun gücündən geniş bəhs edərək demişdir: “Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir.”
Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!


Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə

Oxşar xəbərlər