“Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, yeni zolaq artıq effektivliyini sübut etmiş Bakı-Sumqayıt şosesindəki mövcud avtobus zolağına birləşdirilib. Nəticədə paytaxt istiqamətində hərəkət edən avtobuslarla sərnişinlərin əlavə vaxt itkisinə məruz qalmadan daşınması təmin olunub.
Təşkil edilən xüsusi hərəkət zolağı ilə 10 marşrut xətti üzrə 130 avtobus ümumillikdə 650 dəfə hərəkət edir və gün ərzində bu avtobuslardan istifadə edən 40 000-ə yaxın sərnişinin sıxlıqda qalmayaraq rahat daşınması həyata keçirilir.
Bildirilib ki, gündəlik Xırdalan şəhəri və Masazır qəsəbəsindən paytaxta 170 minə yaxın sərnişin daxil olur.
Eyni zamanda, Tbilisi prospektində mövcud olan xüsusi hərəkət zolağının əhatəliyi genişləndirilib və əlaqəlilik təmin edilib.
Belə ki, prospektin “20 Yanvar” dairəsindən Əbdülvahab Salamzadə küçəsinə qədər olan hissəsində xüsusi hərəkət zolağı təşkil olunub və avtobusların bu ərazidə sıxlıqda qalmasının qarşısı alınıb.
Xüsusi hərəkət zolağı yaradılarkən Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində yolun hərəkət hissəsi genişləndirilib və hərəkət zolaqları yenidən təşkil olunub. Beləliklə, avtomobillər üçün zolaqların sayı dəyişməz olaraq qalıb.
Qeyd edilib ki, gün ərzində Tbilisi prospektinin bu ərazisindən 5 müntəzəm marşrut xətti üzrə 75 avtobus ümumillikdə 490 dəfə keçir və bu avtobuslarla 35 000-dək sərnişin daşınır.


