Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirilmişdir

Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirilmişdir
Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər.
Azərbaycan xalqına qarşı törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 Mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir.
Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində: Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərdə erməni daşnaklarının və onların havadarlarının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.
Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirilmişdir. Azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə bu ərazilərdə mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji və hərbi təcavüzünə məruz qalmışlar.
Xalqımızın çoxəsrlik tarixi kobudcasına saxtalaşdırılmış, mədəniyyət abidələrimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir.
1988-ci ildə erməni millətçiləri o vaxtkı SSRİ rəhbərliyinin və xarici havadarlarının təhriki ilə Dağlıq Qarabağı güclə Ermənistana birləşdirmək üçün Azərbaycana qarşı açıq təcavüzə başladılar və az sonra tam miqyaslı hərbi əməliyyatlara keçdilər. 1992-ci ilin fevralında erməni hərbi birləşmələrinin törətdiyi Xocalı faciəsi öz qəddarlığına və amansızlığına görə misli görünməmiş soyqırımı aktı, insanlıq tarixində qara ləkə kimi qalacaqdır. Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən xalqımıza münasibətdə törədilən vəhşilik və cinayətlərin miqyası və metodologiyası heyrət və qəzəb doğurmaya bilmir.
Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız ulu öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir.
Son illərdə Azərbaycanın bəzi ərazilərində soyqırımın sübutu olan kütləvi məzarlıqlar aşkar edilir. Bunlardan biri də 2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıqdır. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı
1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı əsasında Heydər Əliyev Fondu tərəfindən aşkar edilmiş kütləvi məzarlığın yaxınlığında “Quba Soyqırımı Memorial Kompleksi” inşa edildi. 2013-cü il 18 sentyabr tarixdə açılan bu muzey-abidə yalnız Quba qırğınlarının deyil, 1918-ci il Azərbaycanın bütün ərazisində azərbaycanlı-müsəlman əhalisinə qarşı erməni milli-hərbi birləşmələri tərəfindən törədilmiş faciələrin bu gün Azərbaycan xalqı tərəfindən unudulmadığının və soyqırımı qurbanlarının xatirəsinin əziz tutulduğunun bariz nümunəsidir.
Siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində tayı-bərabəri olmayan erməni millətçiləri bu gün də bütün dünyada ölkəmiz və xalqımız əleyhinə təbliğat müharibəsi aparır, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar. Dünyada sivil birgəyaşayış və əməkdaşlıq prinsiplərinin getdikcə daha çox uğur qazandığı, hərtərəfli inteqrasiya proseslərinin geniş yayıldığı bir zamanda erməni millətçilərinin saxta soyqırımı təbliğatı və qonşu dövlətlərə ərazi iddiaları regionda sabitliyi və dünya düzənini pozmağa yönəlmiş dağıdıcı amil rolunu oynayır, xalqları bir-birinə qarşı qoyur, milli və dini qarşıdurmanı təşviq edir.
Tarixi proseslərin gedişi Ermənistan dövlətinin və erməni lobbisinin təcavüzkar siyasətinin iflasa məhkum olduğunu sübut etməkdədir. Son illərin təcrübəsi göstərir ki, erməni işğalçılarının və onların havadarlarının imkanları heç də qeyri-məhdud deyildir və bu imkanlar getdikcə tükənmədədir. Bu siyasətə qarşı geniş iqtisadi potensiala malik qüdrətli Azərbaycan dövləti, onun beynəlxalq aləmdə getdikcə artan siyasi nüfuzu, dünya azərbaycanlılarının və ölkəmizin dostlarının gündən-günə möhkəmlənən həmrəyliyi, nəhayət, güclü Azərbaycan ordusu dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünya siyasətinə ciddi təsiri olan böyük dövlətlərlə müntəzəm və məhsuldar iş aparır, onilliklər boyu formalaşmış stereotipləri, yanlış yanaşmaları dağıtmağa uğurla müvəffəq olur. İkili standartlara və ermənipərəst qüvvələrin təzyiqlərinə baxmayaraq, beynəlxalq ictimaiyyət aşkar faktlar qarşısında həqiqəti daha tez-tez etiraf etməli olur.
2020-ci il bütün dünyada çətin il olsa da, Azərbaycan üçün istər siyasi, diplomatik, hərbi, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. Tarixi ədalət bərpa olundu, Azərbaycan bütün dünyaya siyasi, iqtisadi və milli birlik gücünü göstərdi.
Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti və xalqımızın birliyi ilə 44 günlük müharibədə Ermənistan Azərbaycan qarşısında diz çökdü. Bu möhtəşəm Zəfər nəticəsində 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Qədim şəhərlərimiz, əzəli torpaqlarımız azad olundu.
Bu gün artıq işğaldan azad edilmiş bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılıb. Azad olunmuş bütün ərazilərin bərpası və bu ərazilərdə vətəndaşlarımızın normal həyatının təmin edilməsi üçün bütün müvafiq addımlar atılır.
Azərbaycan xalqı illərdir gözlədiyi, ruhunun təntənəsi olan qalibiyyəti yaşamaqla bərabər, bu yolda canını fəda edən Vətən övladlarının əziz xatirəsini daim yad edəcək və qəlbində əbədi yaşadacaqdır.

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
direktoru Yasin Quliyev

Oxşar xəbərlər