
Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan əməlləri ilə yadda qalıblar. “Məzlum xalq” adı altında gizlənən ermənilər nəinki Qafqazda və Azərbaycanda, dünyanin əksər ölkələrində terrora, qırğınlara imza atıblar. 1918-ci ilin qırğınları ermənilərin xalqımıza qarşı törətdikləri çoxsaylı soyqırımı cinayətlərindən biridir. Təkcə Bakıda 30 mindən artıq azərbaycanlı amansızlıqla öldürülmüş, Şamaxı qəzasının 58 kəndi yandırılmış, 8 mindən çox adam, o cümlədən 1653 qadın və 965 uşaq öldürülmüş, Quba qəzasının 122 kəndi yerlə-yeksan edilmişdir. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzurda 115 azərbaycanlı kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə qəddarcasına divan tutulmuşdur.İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmışdır.İrəvan azərbaycanlılarının müraciətlərində göstərilir ki, bu tarixi Azərbaycan şəhərində də 1920 azərbaycanlının evi yandırılmış, 132 min azərbaycanlı qətlə yetirilmişdir.
Erməni vandalizmi, azərbaycanlılara qarşı soyqırımı siyasəti tarix boyu davam etsə də, baş verilənlərə lazımi qiymət verilməmiş, dünyaya çatdırılmamışdır. Erməni yalanlarının illər boyu ayaq tutub yeriməsinin qarşılığında heç bir addım atılmamış, həqiqətin təhrif olunmasının acı nəticəsini isə xalqımız bütün XX əsr boyu yaşamışdır.
Heydər Əliyevin imzaladığı və böyük əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31 “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli 3587 nömrəli Sərəncam imzalanmışdır.
Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Nailə Əsgərova