İdman sahəsi üzrə yüksəliş dövrünü yaşayan ölkəmiz dünyanın istənilən yerlərində keçirilən yarışlarda gənclərimiz tərəfindən layiqincə təmsil edilir

İdman sahəsi üzrə yüksəliş dövrünü yaşayan ölkəmiz dünyanın istənilən yerlərində keçirilən yarışlarda gənclərimiz tərəfindən layiqincə təmsil edilir Müstəqillik əldə etdikdən sonra Ümummili lider Heydər Əliyev və onun siyasətini bugün də davam etdirən Cənab İlham Əliyevin idman sahəsinə olan diqqəti gündən-günə artmaqdadır. İdman hər bir dövlətin qüdrətini əks etdirən dövlət siyasətidir. Xüsusilə də Cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra bu sahədə olan irəliləyişlər daha da artmışdır. Bugün gənclərin idmana xüsusi maraq göstərməsi, onların bu istəklərinə dövlətin göstərdiyi qayğı və diqqət göz qabağındadır. Biz bunun bariz nümunəsini 2015-ci ildə Bakıda keçirilmiş Avropa oyunlarında açıq-aydın şəkildə gördük.
Müasir dövrdə idmanın istənilən sahələri üzrə gənclərimiz bayrağımızı müxtəlif arenalarda yüksəklərə qaldırır və bu onlarda vətənpərvərlik hissini daha da gücləndirir. Təsadüfi deyil ki, 44 günlük Vətən Müharibəsində yüzlərlə idmançı igidlərimiz könüllü olaraq ordu sıralarına qoşulmuşdu. Gənclər və İdman Nazirliyindən verilən məlumata əsasən Vətən Müharibəsində idman sahəsi üzrə 500 nəfər iştirak edib. Həmin idmançılarımızdan 54 nəfəri şəhidlik zirvəsinə yüksəlmişdir. Gənclər nəinki cəbhə bölgəsində hətta idmanın müxtəlif sahələri üzrə ermənilərə qalib gələrək öz vətənpərvərlik hislərini nümayiş etdirmişdilər. Hələ 2015-ci ildə Avropa oyunları və 2017-ci ildə İslam Həmrəyliyi oyunlarında gənclər həm könüllü olaraq, həm də idman sahələrində çox böyük uğurlar əldə etmişdilər. Eyni zamanda Formula-1 yarışlarına da ev sahibliyi edərək bu sahədə də gənclər uğurlar qazanmışdır. İdman sahəsi üzrə yüksəliş dövrünü yaşayan ölkəmiz dünyanın istənilən yerlərində keçirilən yarışlarda bürünc, gümüş və qızıl medalla layiqincə gənclərimiz tərəfindən təmsil edilir.
Əlbəttə ki, bu uğurların qazanılmasında dövlətin bu sahəyə göstərdiyi qayğının da böyük rolu vardır. Bugün respublikamızın müxtəlif bölgələrində 50-ə yaxın Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Müxtəlif idman infrastukturu yaradılıb: Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdman sarayı və başqa idman obyektləri vardır. Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi lazımi səviyyədə təmsil etdilər və bunun nəticəsində 16 medal qazandılar ki, bunun da 7-si qızıl idi. Əlbəttə ki, bu gənclərin vətənpərvərlik hissinin yüksək olmasından xəbər verir. Prezident İlham Əliyev bu münasibətlə öz çıxışında gənclərin idman sahələrində olan uğurlarını layiqincə qiymətləndirmiş və bunun vətənpərlik duyğusunun artmasında çox önəmli rol olduğunu qeyd etmişdir. Müasir dövrdə idmançıların bu uğurlarını daha artırmaq lazımdır, çünki onlar qalib ölkəni, torpaqlarını işğal altında qurtarmış ölkəni təmsil edirlər. Gənclərə bütün sahələrdə, xüsusən də idman sahəsində göstərilən diqqət onların vətənpərvərlik, vətənə bağlılıq hislərini daha da artırmaqdadır.

Sabunçu rayonu 170 saylı tam orta məktəbin
tarix müəllimi Nəzrin Quliyeva

Oxşar xəbərlər