YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir

YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir İyirmi doqquz il əvvəl 1992-ci il noyabrın 21-də gənc respublikamızda çox əlamətdar tarixi hadisə baş vermişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu, doğurdan da tarixi hadisə idi. Deyə bilərəm ki, gənc dövlətimiz üçün dönüş nöqtəsi idi.

Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə, demək olar ki, üst-üstə düşür. Azərbaycan özünün müstəqilliyini 1991-ci il, oktyabrın 18-də bəyan edib. YAP isə 1992-ci il, noyabrın 21-də yaradılıb. Həmin illər Azərbaycan üçün ən ağır və məsuliyyətli dövr idi. Həmin vaxtlar dövlət müstəqilliyin qorunub saxlanması üçün qətiyyətli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zəruriyyəti yaranmışdı. Bu mənada, YAP-ın yaranması tarixi zərurət kimi qeyd olunmalıdır.

Naxçıvanda yaradılan YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın sədri seçildi.

1992-ci ildə xaos, anarxiya vəziyyətində olan bir ölkəyə xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin ölkə rəhbərliyə gətirilməsi əsas şərt idi. Azərbaycan xalqı bu məsələdə Ulu Öndər Heydər Əliyev fenomeninin üzərində dayandı. Çünki xalq nicat yolunu yalnız Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü. Elə həmin vaxtlar 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciət bütövlükdə Azərbaycan xalqının çağırış ifadəsi idi.

Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü il prezident seçkilərdə xalqın səsini qazandı. Bundan sonra Azərbaycan xalqı artıq tam əmin oldu ki, hakimiyyət sükanı etibarlı əllərdədir. Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və qətiyyətli addımları nəticəsində çox keçmədi ki, ölkə böhran vəziyyətindən çıxarıldı. Bütün sahələrin inkişafına xüsusi diqqət yetirildi. Xalqın sabahına hesablanmış mütərəqqi siyasət yeridildi. YAP Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantı deməkdir. YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir.

Bu siyasi kursu davam etdirmək asan məsələ deyil. Çünki, burada Heydər Əliyev ideologiyası, məfkurəsi var. Bu ideologiya, məfkurə və dövlətçilik fəlsəfəsi çox zəngindir. Bu siyasi kursu layiqincə davam etdirmək böyük məsuliyyətdir. Bu gün birmənalı şəkildə demək olar ki, ölkə Prezidenti cənab İlham Əliyev bu kursun ən layiqli davamçısıdır.

Sabunçu qəsəbəsi, 170 nömrəli tam orta məktəbin

tarix müəllimi Aludə Məmmədova

Oxşar xəbərlər