Martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. Hal hazırda dünyada gedən prosesləri nəzərə aldıqda Cənab Prezidentin Almaniyaya səfəri çərçivəsində təşkil olunan bu görüşün mühüm rolu və ölkəmiz üçün məhsuldar perspektivləri olduğu şübhəsizdir. Son illərdə Avropada ölkəmizin enerji potenisalına olan maraq getdikcə artmaqdadır. Təbii ki, bu maraqdan da ölkəmizin maraqlarına uyğun yararlanmaq Prezident İlham Əliyevin apardığı çoxşaxəli xarici siyasətdə çox vacib yer tutur. Bu dəfəki görüş son illərdə stabil şəkildə inkişaf edən Almaniya və Azərbaycan əlaqələrinin daha da intensiv inkişafı üçün daha bir perspektivli işbirliyinin təməllərinin atılması üçün zəmin yaradıb. Belə ki, Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə üçün böyük potensial var və ölkə bu sektorda iştirakını yenicə artırmağa başlayır. Nəzərə alsaq ki, Almaniya bərpa olunan enerji mənbələrinin istehsalı və istifadəsi sahəsində böyük və uzunmüddətli təcrübəyə malikdir. Bu halda əminliklə demək olar ki, bu iki ölkə bərpaolunan enerji mənbələrindən istifadə üçün səylərini birləşdirə bilər.
Xüsusi vurğulamaq yerinə düşər ki, 2022-ci il ərzində Almaniyada elektrik enerjisinin təxminən 50%-i bərpa olunan mənbələrdən əldə edilib. Almaniya hökuməti bu göstəricinin daha da artırılmasında çox maraqlıdır. Almaniyanın bərpa olunan enerji istehsalı və ətraf mühitin mühafizəsi sahəsində ixtisaslaşan bir çox şirkətləri var ki, onlar Azərbaycana öz təcrübələrini ötürə, xüsusən də külək, günəş enerjisi və yaşıl hidrogen sahəsində təcrübə qazandıra bilərlər. Məhz bu məqamıları nəzərə alan Cənab Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki : “Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Hazırda biz nəinki xarici sərmayədarları cəlb etməkdə davam edirik, o cümlədən həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını da yaradırıq”. Təbii ki, Cənab Prezident İlham Əliyevin görüş zamanı bərpaolunan enerji potensialımız haqda detallı çıxışı müvafiq şirkət nümayəndələri tərəfindən maraqla qarşılanıb. Əminliklə qeyd etmək olar ki, qarşıdakı illərdə bərpaolunan enerji sahəsində ölkəmizə investisiya yatıracaq şirkətlərin sırasında aparıcı Almaniya şirkətləri də olacaq. Bu isə ölkə iqtisadiyyatının daha da inkişafına güclü təkan verəcək.
Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev