Azərbaycan dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir

Azərbaycan dünyanın aparıcı enerji  şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir Son dövrlərdə dövlətimizin xarici şirkətlərlə imzaladığı müqavilələr, həyata keçirdiyi layihələr xalqımızın rifahının yüksəldilməsində, ölkə iqtisadiyyatının gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bir çox enerji şirkətləri ilə uğurlu layihələrə imza atır.
Dünyanın aparıcı şirkətləri sırasında olan “ACWA Power” və “Masdar” şirkətləri ilə müqavilələrin imzalanması ilə bərpaolunan enerji sahəsində yeni inkişaf mərhələsinə başlayırıq. Azərbaycanda bərpaolunan enerji sahəsində xarici tərəfdaşlarımız olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlığımız təmiz enerji ilə bağlı hədəflərimizə çatmağımıza qarşılıqlı zəmin yaradacaq.
Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
Dünyanın 30-dan çox ölkəsində bərpa olunan enerji layihələrinin reallaşmasında aparıcı rol oynayan “Masdar” şirkəti, 200 meqavatlıq günəş layihəsini həyata keçirmək üçün Azərbaycan ilə tərəfdaş olmaqdan məmnunluğunu, Azərbaycan hökumətinə və onun təmiz enerjiyə keçidinə dəstək verməkdən qürur duyduğunu bildirib.
Prezident cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin nəticəsidir ki, ölkəmizdə enerji təhlükəsizliyi tam təmin edilir. Biz əminik ki, bərpaolunan enerji istehsalı ölkəmizdə yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcək.

Sabunçu qəsəbəsi, Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nəsirova Natəvan


Oxşar xəbərlər