Bu gün azad edilmiş Füzuli torpaqlarında genişmiqyaslı bərpa və quruculuq işləri aparılır

Bu gün azad edilmiş Füzuli torpaqlarında genişmiqyaslı bərpa və quruculuq işləri aparılır
1993-cü ildə Azərbaycanın qədim və strateji bölgələrindən biri olan Füzuli rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu işğal nəticəsində minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü, Füzuli şəhəri və kəndləri yerlə-yeksan edildi. İllərlə bu torpaqlar həsrət içində, Vətən eşqilə yaşadı.
Lakin Azərbaycan xalqı heç vaxt bu ədalətsizliyi unutmamış, öz doğma torpaqlarına qayıtmaq əzmindən dönməmişdir.
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan Ordusu möhtəşəm qəhrəmanlıq və iradə nümayiş etdirərək, işğal altında olan torpaqlarımızı bir-bir azad etməyə başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində 17 oktyabr 2020-ci il tarixində Füzuli şəhəri və rayonun bir sıra kəndləri işğaldan azad edildi.
Bu müjdə bütün Azərbaycan xalqı üçün böyük sevinc və qürur hissi ilə qarşılandı. Füzulinin azad olunması təkcə hərbi-strateji deyil, həm də mənəvi baxımdan müstəsna əhəmiyyətə malik idi. Bu qələbə Şuşaya gedən yolun açılmasında həlledici rol oynadı və Zəfər tariximizin ən parlaq səhifələrindən birinə çevrildi.
Bu gün azad edilmiş Füzuli torpaqlarında genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Yeni salınan yollar, Füzuli Beynəlxalq Hava Limanı, məktəblər, xəstəxanalar, müasir yaşayış məhəllələri bu bölgənin yenidən canlandığını sübut edir. Məcburi köçkünlər artıq doğma yurdlarına qayıdır, Füzuli yenidən həyat qazanır.
Füzuli torpağının azadlığı uğrunda canından keçən bütün şəhidlərimizi dərin ehtiramla anır, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların göstərdiyi şücaət sayəsində bu torpaqlar yenidən azaddır, yenidən Azərbaycandır!

Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta ümumtəhsil məktəbi publik hüquqi şəxs
İngilis dili müəllimi Leyla Babayeva


Oxşar xəbərlər