Füzuli rayonunun tarixi, onun coğrafi mövqeyi və strateji əhəmiyyəti baxımından Azərbaycan üçün həmişə böyük önəm kəsb edib

Füzuli rayonunun tarixi, onun coğrafi mövqeyi və strateji əhəmiyyəti baxımından Azərbaycan üçün həmişə  böyük önəm kəsb edib
Füzuli rayonu Qarabağ bölgəsinin bir hissəsi olub, Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Hazırda rayonun ərazisində 2 şəhər - Füzuli və Horadiz olmaqla, 16 qəsəbə və 82 kənd yaşayış məntəqəsi vardır.
Füzuli rayonunun tarixi, onun coğrafi mövqeyi və strateji əhəmiyyəti baxımından Azərbaycan üçün həmişə böyük önəm kəsb edib. Rayon qədim dövrlərdən bəri müxtəlif sivilizasiyaların məskunlaşdığı ərazilərdən biridir. İlk dövrlərdən burada müxtəlif tayfalar və xalqlar yaşamışdır, bunun ən bariz nümunəsi Füzuli rayonunun qədim və tarixi məskənlərindən hesab edilən Azıx mağarasıdır ki, insanın ən erkən dövrlərinə aid tapıntıları ilə dünya elmi üçün əhəmiyyət daşıyır.
Rayonun ərazisi özünəməxsus relyefi, iqlimi, bitki örtüyü və su hövzələri ilə seçilir. Münbit torpağı əkinçilik üçüm əlverişlidir. Füzuli rayonunda qiymətli ağac növlərindən olan meşələri, yeraltı sərvətləri, füsunkar təbiəti, mineral maddələrlə zəngin bulaqları ilə də məşhurdur.
Dilbər guşələrimizdən biri olan Füzuli 90-cı illərin əvvəllərində ən gərgin və faciəvi dövrünü yaşayıb. Mənfur düşmənimiz olan ermənilər 23 avqust 1993-cü ildə Füzuli şəhəri və əksər kəndlərini işğal etdilər. İşğal nəticəsində yerli sakinlər öz doğma yurdlarını məcburi tərk etdilər. Rayon əhalisi ağır şəraitdə qaçqınlıq həyatı yaşamağa başladı. Ermənistan qüvvələri rayonun infrastrukturunu, evləri və ictimai obyektləri, tarixi-mədəni irsini məhv etdilər. İşğal dövründə ermənilər məscid və qəbirstanlıqlarda insanlığa sığmayan vandallıq əməlləri törətdilər. Burada olan çoxlu sayda arxeoloji və memarlıq abidələri yerlə yeksan edildi. Rayonun böyük hissəsi tamamilə viran qaldı. Bu Füzuli tarixində unudulmaz acı bir səhifə olaraq qaldı.
27 sentyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ müharibəsi başlandı. Döyüşlər başlanandan 17 oktyabradək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olundu. Füzuli şəhərinin azad olunması xəbərini Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində çatdırmışdır. Prezident müraciətində həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun Qoçəhmədli, Cuvarlı, Musabəyli, Çimən, İşıqlı və digər kəndlərinin də azad edildiyini elan etdi.
Cənab İlham Əliyevin sərəncamı ilə rayonun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş, igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olundular.
İşğaldan azad olunandan sonra Füzuli rayonunda yenidənqurma işləri başlandı. Yollar, elektrik və su təchizatı sistemləri yenidən qurulmuş, ictimai binaların bərpası və yenidən inşası həyata keçirilmişdir.
2021-ci ildə müasir standartlara cavab verən və beynəlxalq uçuşları qəbul edə biləcək qabiliyyətə malik Füzuli hava limanı istifadəyə verildi. O cümlədən, Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolu salındı.
Ölkə başçısı cənab İlham Əliyev 17 oktyabr 2023-cü ildə "Füzuli Şəhər Günü" münasibəti ilə Füzuli rayonuna səfər etmiş, yerli sakinlər və ictimaiyyət nümayəndələri ilə görüş keçirmişdir. Görüşdə Prezident bildirmişdir ki, Füzuli artıq yenidən qurulur, sakinlərin rahat yaşaması üçün bütün şərait yaradılır.
Artıq füzulililər öz doğma yurdlarına geri qayıdırlar, 30 illik həsrətə son qoyulur. Bu həsrətə son qoyan, Vətənin ərazi bütövlüyünü canı, qanı bahasına bərpa edən bütün şəhidlərimizi ehtiramla anırıq.


Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
İngilis dili müəllimi Nisə Sadıqova

Oxşar xəbərlər