Füzulinin yeni siması göz oxşayır

Füzulinin yeni siması göz oxşayır

Birinci Qarabağ müharibəsi zamanı işğala məruz qalan Füzuli 27 il ərzində ermənilər tərəfindən tamamilə darmadağın edilib. Azadlığına qovuşmuş bütün ərazilərimiz kimi, bu gün Füzulidə də böyük quruculuq və abadlıq işləri aparılır.
Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı isə ən müasir səviyyədə inşa edilib və istənilən tip hava gəmisini qəbul etmək imkanına malikdir.
Əbədi qürur və iftixar mənbəyimiz olan tarixi Zəfərimizin nəticəsi olaraq artıq Füzuli sakinləri də öz doğma yurdlarına qayıdaraq yenidən tikilən evlərdə məskunlaşırlar. Yenidən qurulan, dirçələn Füzuli şəhərinə həyat yenidən qayıdır.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, 17 oktyabr Füzuli Şəhəri Günüdür.
Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, oktyabrın 17-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.
Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırıb.
Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılacaqdır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılacaq bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir.

Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Abbasova

Oxşar xəbərlər