Şuşa Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin təbliğində mühüm platformadır

Şuşa Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin təbliğində mühüm platformadır Şuşa Qlobal Media Forumu öz işini başa çatdırsa da müzakirə edilən məsələlər, ən əsası dövlət başçısı İlham Əliyevin yerli və xarici media nümayəndələrinin suallarını cavablandırarkən Azərbaycanın, regionun gələcəyi, həmçinin dəyişən dünyada baş verən hadisələrlə bağlı söylədiyi fikirlər ölkə və dünya mətbuatında geniş şərh olunmaqdadır. Prezident İlham Əliyevin çıxışının mahiyyətində daha çox gələcəklə bağlı hədəflər öz əksini tapdı. Dövlət başçısı Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini belə ifadə etdi ki, prinsip etibarilə strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyən edilmişdir. Yeganə məqam odur ki, həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq. İşğal altındakı ərazilərin azad olunmasından sonra sosial-iqtisadi məsələlər ön planda dayanır. Çünki Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə gələcəyimizin əsas məsələləri üzrə həmrəylik var. Birinci planda, dayanıqlı inkişaf məsələləri dayanır. İstənilən şəraitdə və vəziyyətdə iqtisadiyyatın dayanıqlı olmasını təmin etməliyik. Valyuta ehtiyatlarımızı artırırıq, idarəetmə sistemini təkmilləşdiririk. Bütün bunlar əlavə imkanlar qazandırır. Hazırkı dövrün əsas çağırışı olan Ermənistanla münasibətlərin tənzimlənməsinə gəldikdə isə dövlət başçısı bildirdi ki, sülh müqaviləsinin imzalanmasına nail olsaq, Cənubi Qafqazda vəziyyət sağlamlaşacaq və bu bölgə yüksək risk zonasından çıxmış olacaq. İnvestorlar, ilk növbədə, potensial və mümkün riskləri nəzərə alırlar. Ermənistanla münasibətlərin tənzimlənməsi bu sualı gündəmdən çıxaracaq.
Prezident İlham Əliyev tarixi Zəfərə, suverenliyimizin bərpasına qədər keçilən yolu təhlil əsasında bir daha bu çağırışı etdi ki, heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq lazımdır. Bizim Qələbəmiz, ədalətli və tam qələbədir. Göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır. Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər gün qələbəyə yaxınlaşmaq lazımdır. Əgər son qərar səndən asılıdırsa, həyatını bu işə həsr etməlisən. Yalnız bu halda bu, baş verə bilər. Azərbaycan dövlətinin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz oldu. Heç vaxt işğalla barışmayacaq, bir qarış torpağımız belə düşmənə verilməyəcək, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Ədalətə və beynəlxalq hüquqa söykənən bu kimi bəyanatları xeyli sayda sadalamaq olar. Azərbaycan xalqı tam əmin idi ki, dövlətimizin uğurlu siyasəti nəticəsində torpaqlarımız azad ediləcək, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunacaq. Elə də oldu.
3-cü Şuşa Qlobal Forumunda da Prezident İlham Əliyevin çıxışında, tədbir iştirakçılarının suallarına cavabında səsləndiyi hər bir fikir bugünümüzə və gələcəyimizə, qlobal problemlərin həllində birgə səylərə, əməkdaşlığa çağırışdır.
Süsən Qulamova-187 saylı orta məktəbin müəllimi

Oxşar xəbərlər