“Dərin dövlət”lə üz-üzə

“Dərin dövlət”lə üz-üzə ABŞ prezidentinin “Epşteyn işi” ilə dayandırılması bəlkə də mümkün olmayacaq, amma...; Sözügedən güclər mümkündür ki, Trampın yanına bu dəfə həm də iki “xas” adamını yerləşdirib

ABŞ-nin “dərin dövləti” prezident Donald Trampa növbəti dəfə öz gücünü və yerini göstərmək istədi. Trampın “dövlətüstü dövlətlə” problemləri yeni deyil, hətta ABŞ-də belə gücün mövcudluğunu açıq şəkildə etiraf etməyə cəsarət edən ilk şəxs də elə indiki prezident olub. 2016-cı ildə ilk prezidentlik kampaniyası zamanı dəfələrlə bu termini xatırladaraq amerikalılara “dərin dövlət”lə mübarizə aparacağına söz vermişdi. Təsadüfi deyil ki, Trampın 2016-cı il seçkilərindəki qələbəsini çoxları həm də “dərin dövlət” üzərində qələbə hesab edirdi...

Növbəti prezident seçkisində (2020) isə “yerin altındakı dövlət” Trampın Ağ Evdə daha 4 il qalmasını əngəlləyərək revanş aldı. 2024-cü ildə respublikaçıların namizədi olacağı qətiləşəndən sonra da çıxışlarında Tramp yenə “çürümüş və korrupsiyaya uğramış dərin dövlətə son qoyacağını” vəd edir, “hökumətin casusluğu və korrupsiyası ilə bağlı bütün sənədlərin məxfiliyini açacağına” söz verirdi.

Əslində Trampın “dərin dövlət” adlandırdığı güclər əvvəllər başqa adlarla tanınırdı. Məsələn, “görünməz hökumət”, “elitanın gizli şəbəkəsi”, “pərdəarxası güc” və s. Trampın son seçki kampaniyasının müəyyən mərhələsində “dərin dövlət”lə arasında uçurum daha da dərinləşdi və bu səbəbdən onu öldürtmək belə istədilər. İndiyədək dörd ABŞ prezidentini “o dünyaya” göndərən “yeraltındakı güclər” üçün bu dəfə də prezidentliyə namizədi aradan götürmək dünyanın sonu olmayacaqdı. Amma necə oldusa, güllə onun qulağını “yalayıb” keçdi. Bu hadisədən sonra Tramp daha bir neçə sui-qəsd cəhdi haqda iddia ortaya atdı. Amma bunlar yəqin ki, onun həmin güclərlə anlaşmasını ört-basdır etmək üçün düşünülmüş gediş idi.

Sözügedən güclər mümkündür ki, Trampın yanına bu dəfə həm də iki “xas” adamını yerləşdirib. Bunlardan birinin vitse-prezident Ceyms Di Vensin olması ehtimalı böyükdür. Təsadüfi deyil ki, Trampı uzaq olmayan keçmişdə faşist adlandıran Vensin hakimiyyətin ikinci şəxsi elan edilməsi hətta öz tərəfdarları arasında ciddi çaşqınlıq yaratmışdı. Başqa bir ehtimal edilən “dərin şəxs” isə dövlət katibi Marko Rubiodur. Onun respublikaçılardakı fəaliyyəti uzun müddətə dayanır, amma Trampın kritik qərarlarda son məsləhətləşdiyi şəxsin də Rubio olduğu sirr deyil. Həm Rubionun, həm də Vensin dini baxışları (katolik) “dərin dövlət”ə mənsub ola biləcəklərinə yalnız kiçik ipucudur. Necə ki, İranda da “dərin dövlət” sırf bu əsasla formalaşıb. Dünyanın ən bilgili iki kəşfiyyatından birinin (məsələn, İsrail MOSSAD-ı) ali dini liderin yerini hələ də aşkar edə bilməməsinin bir sirri də “dərin dövlət”ə bağlılıqla əlaqəlidir. Yeri gəlmişkən, Sosialist Amerikasında solçu-inqilabçılar belə “dərinliyə” heç vaxt gedə bilmədilər, ona görə Venesuela prezidentini bir dəstə yatağından oğurlayıb ölkədən çıxardı.

Trampın Ağ Evə budəfəki qayıdışından umacaqları görünür, ABŞ-nin təməl mənafelərinə zidd olmadığı üçün onun namizədliyi yarıdan əngəllənmədi. Çünki bəzi istəkləri sırf demokratlarla şəxsi intriqaya dayanırdı (məsələn, Barak Obamaya aşırı nifrətindən qaynaqlanan hisslər). Tramp Obamanın acığına Nobel Sülh mükafatını da almaq istəyirdi, nəhayət, pul qazanmaq niyyətini də gizlətmirdi. Bunların heç biri Amerika üçün təhlükəli deyildi.

Trampın prezident olduqdan sonra da “dərin dövlət”in gücünü və təsirini bir şəkildə məhdudlaşdırmaq cəhdləri bəllidir. Məsələn, “yeraltı dünya”nın pul kassalarından birinin — Corc Soros Fondunun və ya “dərin dövlət”in uzantılarından olan USAID-in qanundankənar elan edilməsi bu güclərə ciddi təsir etmədi. Bəlkə də onlar çoxdan köhnəlmiş metodlarla işləyən (məsələn, “rəngli inqilablar”) Sorosun, eləcə də dünya ölkələrində etimadını itirmiş “yumşaq güc” USAID-in sıradan çıxarılmasında maraqlı idilər.

Trampın Epşteyn faylları ilə dayandırılması bəlkə də mümkün olmayacaq. Çünki “Epşteyn işi” məhz həmin “yeraltı güclərin” planı olub. Bu qədər tanınmış siyasətçiyə və biznes adamına eskort xidməti göstərib təyyarələrlə sirli villalara azyaşlı qızlar (və oğlanlar) daşıyan Epşteyn bilirdi ki, bu, həmin güclərə xidmətdir. Trampın o adalardakı villalarda nə hoqqa çıxardığı indi məlum olmayıb. Amma indi Trampı ABŞ-nin mənafeyinə zidd addımlardan çəkindirmək üçün bu materiallardan istifadə edirlər. Faydası olacaqmı?

Oxşar xəbərlər