Tramp İran xalqını ALDADIB? – “Yoldayıq” deyirdi...

Tramp İran xalqını ALDADIB? – “Yoldayıq” deyirdi... “İrandakı etirazlar dövlət çevrilişinə cəhdə bənzəyirdi, lakin qarşısı alındı”. Bunu İranın Ali Rəhbəri Seyid Əli Xamenei "X"dəki hesabında yazıb.

"Məqsəd ölkədəki mühüm və nüfuzlu hakimiyyət mərkəzlərinin məhv edilməsi idi. Onlar polisə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahına, bəzi hökumət qurumlarına və banklara hücum etdilər", - Xamenei bildirib.

İranın ali rəhbəri digər paylaşımında bazarlarda başlayan etirazların əsaslı olduğunu da etiraf edib: “Tacirlərin arqumentləri doğru idi, lakin onların dinc aksiyalarında üsyançılar da gizlənməyə çalışıblar”.

Qeyd edək ki, Trampın "Dövlət binalarını tutun, biz də gəlirik, yoldayıq" çağırışı İranda 8-10 yanvar günlərində izdihamlı nümayişlərə, nəticədə qətliama səbəb oldu.

TV Musavat-a müsahibəsində milli siyasət üzrə ekspert Sülhəddin Əkbər deyib ki, baş verənlərdə ABŞ liderinin çağırışı rol oynadı və qətllərə görə Tramp da məsuliyyət daşıyır.

ABŞ liderinin dediyi niyə olmadı, nə üçün gəlmədilər? İranda rejim daha da gücləndimi?

Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, ABŞ İranla dialoqa getməklə yanaşı hərbi gəmiləri körfəzə doğru hərəkət etməkdədir: “Bu da Amerikanın ikibaşlı təzyiq siyasətindən irəli gəlir. Vaşinqton açıq şəkildə tələb edir ki, ya masaya otur, ya da vuracam. Ona görə də Tehran birincini seçdi və Pezeşkian görüş olacağını təsdiqlədi. İstanbul danışıqlarından çox şey asılıdır. Zənnimcə, İran bəzi tələblərlə razılaşacaq. Məsələn, uranın zənginləşdirilməsinin faizi aşağı salınacaq. Amma bunu uzadaraq həyata keçirməklə vaxt udmağa çalışacaqlar. Bu da rejimin yaşamasına xidmət məqsədi daşıyır. Bütövlükdə isə İranda rejim əvvəlki qüdrətini itirib. Artıq xalq da onunla hesablaşmır. Bu səbəbdən, ABŞ-nin şərtləri qəbul olunmasa, İrana zərbə endiriləcək. Və bu dəfə xalqdan heç bir dəstək gəlməyəcək”.

Q.Hüseynlinin fikrincə, Trampın məlum çağırışından sonra xalqın küçələrə axışması və qətliam törədilməsi təbii ki, ABŞ rəhbərliyinə olan etimadı da azaldır: “Lakin o demək deyil ki. İrana hücum həmişəlik ertələnib. Bu zərbə olacaq və dediyim kimi, danışıqların nəticələrindən asılıdır. İran xalqı isə öz azadlığı, sosial-iqtisadi problemləri uğrunda mübarizə aparır. Yəni bu problemlər həllini tapmayıbsa, deməli, yenə də etiraz dalğası başlaya bilər”.

Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli hesab edir ki, burada siyasi məsuliyyətdən söhbət gedə bilər. Amma etirazların səbəbi ABŞ deyil, İranın iqtisadi problemləridir. İranın büdcəsi öz siyasi səhvləri ucbatından Türkiyədən 9 dəfə azdır. İqtisadi çətinlikləri isə Tramp İrana yaratmayıb. O baxımdan, bu məsələdə siyasi və mənəvi məsuliyyətdən danışmaq olar. Əsas cavabdeh İrandakı rejimdir. Artıq geri dönüşü olmayan bir dəyişikliyin əsası qoyulub. Sadəcə, hazırda İranda dəyişikliyi həyata keçirəcək strukturlar yoxdur. Belə şəraitdə isə şah tərəfdarları və ümumən xaricdəkilər önə çıxmağa çalışır. İranın daxilində nəzarət edəcək qrupların olmaması bu prosesin uzanmasına səbəb ola bilər.

Oxşar xəbərlər