“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun keçirilməsi mühüm əhəmiyyət kəsb edir

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun keçirilməsi mühüm əhəmiyyət kəsb edir Qarabağın incisi, tarixi diyarımız olan Şuşa işğaldan azad edildikdən sonra mühüm tədbirlərə ev sahibliyi etməkdədir. Bu baxımdan, iyulun 21-23-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib. Forum həm də ona görə əhəmiyyətlidir ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən dərhal sonra bərpa-quruculuq işlərinin fəal mərhələsində olan şəhərlərimizdə beynəlxalq təşkilatlar, onların nümayəndə heyətləri, xüsusən də media mənsubları erməni vandallarının tarixi torpaqlarımızda törətdikləri vəhşi əməlləri öz gözləri ilə görür və bu ərazilərdə həyata keçirilən geniş tikinti-quruculuq işləri ilə yaxından tanış olmaq imkanı qazanırlar. Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hazırda şəhərdə quruculuq işlərinin sürətlə aparıldığını, Şuşada tarix, mədəniyyət, memarlıq və iqlim vəhdət təşkil etdiyindən gələcəkdə bura gələn qonaqların da sayının davamlı şəkildə artacağını əminliklə bildirərək qeyd etmişdir: “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim qələbəmizin rəmzidir, sülhün rəmzidir. Əlbəttə ki, bu şəhər qaya üzərində qurulubdur, qədim şəhərdir və bu, həqiqətən də Qafqazın incisidir və Qarabağın tacıdır. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Şuşa həm də bizim cəsarətimizin rəmzidir ”.
Eyni zamanda, dövlətimizin başçısı müdafiə və təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirildiyini vurğulayıb. Bunun nəticəsidir ki, bu gün ordumuz üç il əvvəlkindən daha güclüdür. Ordunun gücləndirilməsinə həssas yanaşma sərgilənməsini şərtləndirən digər bir mühüm amil müharibədən sonrakı dövrdə Ermənistanda və Rusiya sülhməramlı kontingentin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində revanşistlərin fəallaşması ilə bağlıdır. Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər. Ona görə də respublikamız hər hansı bir ssenariyə hazır olmalıdır. Bundan əlavə Cənab İlham Əliyev Azərbaycanın iqtisadi imkanlarından, sülh və yeni əməkdaşlıqlara çağırışları ilə yanaşı, hazırkı dövrün əsas hədəfləri olan “Böyük Qayıdış” proqramının uğurlu icrasından da geniş bəhs etdi. Bu məqam da xüsusi vurğulandı ki, Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar dünya gücləri tərəfindən qəbul olunur. Beləliklə, qətiyyətlə demək olar ki, Şuşa Qlobal Media Forumu Azərbaycanın hazırkı inkişaf modelinin dünyaya təqdimatında mühüm töhfə verəcəkdir.

Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev


Oxşar xəbərlər