Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Dağlar qoynunda yerləşən, alınmaz qala olan Şuşanın azad edilməsi Azərbaycanın siyasi və hərbi qələbəsini tamamladı. Bu möhtəşəm qələbə eyni zamanda Azərbaycan xalqının cəsarətini, igidliyini, döyüşkənliyini, vətənpərvərliyini bir daha sübut etdi. Şuşanın bərpası başlanılıb. Bir müddət öncə Baş plan təsdiq edilib, artıq ilk yaşayış layihəsi icra olunur. Həmin layihələr çərçivəsində Şuşa sakinləri yenidən evlərinə qayıdacaqlar.
Tarixi Zəfərimizin zirvəsi olan Şuşa işğaldan azad edildikdən sonra bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. İyulun 21-də, milli mətbuatımızın 148-ci ildönümünün qeyd edildiyi gündə isə mədəniyyətimizin paytaxtı növbəti bir tarixi tədbirin məkanı oldu.
Prezident İlham Əliyevin iştirakı ilə qədim qala şəhərimizdə “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılışı oldu. 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumunun, eləcə də 60 yerli media orqanlarının rəhbərlərinin, nümayəndələrinin iştirak etdiyi forumda cənab prezident İlham Əliyev bir daha dünyaya Azərbaycan reallıqlarını çatdırdı və regionda baş verən prosesləri dəyərləndirdi.
Zəfər qələbəsindən bizi 3 ilə yaxın zaman ayırsa da, bizə qarşı bu gün yenə də kampaniya davam edir. Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik. Vətən müharibəsində olduğu kimi, yenə informasiya müharibəsində sayıqlığımızı bir an olsa itirməməliyik. Bu çətin və şərəfli işdə medianın da üzərinə böyük yük düşür.
Prezident İlham Əliyevin cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışında qeyd etdiyi kimi, Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır.
Zamanın tələbinə uyğun olaraq qloballaşan dünyada sosial medianın rolu durmadan artır. Azərbaycan kimi ölkədə insan 24 saat işləməlidir və istənilən xəbərə, yaxşı və ya pis xəbərə hazır olmalıdır. Sosial media cəmiyyətin nəbzini hiss etməyə kömək edir. Cəmiyyətin nəbzini hər zaman hiss etmək lazımdır. Sosial media və ənənəvi KİV-lər adekvat idarəetmənin meyarıdır. Məsələlərdən xəbərdar olmaq və ona dərhal reaksiya vermək üçün sosial medianın potensialına mütləq müraciət olunmalıdır. Müharibədən sonra minaların partlaması nəticəsində insanların həlak olması müharibə cinayətidir. Bu, eyni zamanda Azərbaycana qarşı Ermənistanın terrorunun davamıdır.
Ölkəmiz demək olar ki, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması işlərinə köklənib. Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Böyük Qayıdış Proqramı qəbul edilib. Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. Bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq. Birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Cənab Prezident üçün prinsipial məsələ işğaldan əziyyət çəkən 1 milyon insanın öz dədə-baba torpaqlarına qayıtmasıdır. Növbəti beş il ərzində azad edilmiş bütün şəhərlərdə artıq insanlar yaşayacaqlar. Amma şəhərlərin inkişaf planı daha genişmiqyaslıdır.
Ermənistanla münasibətlərin tənzimlənməsində biz sülh müqaviləsinin imzalanmasına nail olsaq, bu, ümumiyyətlə, Cənubi Qafqazda vəziyyəti sağlamlaşdıracaq və Cənubi Qafqazı yüksək risk zonasından çıxarmış olacaq. Yüksək risk zonası təkcə ekspertlərin qiyməti deyil, bu, həmçinin reytinqlərdir, kreditlənmə imkanlarıdır. Bunlar birbaşa olaraq xarici sərmayələrlə bağlı məsələdir. İnvestorlar, ilk növbədə, potensial və mümkün riskləri nəzərə alırlar.
Əldən düşmüş, gözü xarici ölkələrin verdikləri yardımlarda qalan Ermənistan bu nüansları nəzərə alsa, o zaman vətəndaşlarına ən böyük yaxşılıq etmiş olar. Xalqını, vətəndaşını düşünən ölkə rəhbəri, liderə sahib olmaq şans məsələsidir.
Ölkə başçısının növbəti mühüm mesajı Türkiyənin Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasındakı müstəsna rolu idi. Müharibənin başladığı ilk gündən Azərbaycan xalqı qardaş çiynini hiss etdi. Türkiyə rəhbərliyi və eyni zamanda bütün türkiyə xalqı Azərbaycana mənəvi dəstək oldu. Türkiyə mətbuatı Azərbaycanın haqlı savaşına yaxından dəstək olaraq ölkəmizə gəlib fəaliyyət göstərdi və dünya ictimaiyyətinə həqiqətləri çatdırdı. Hər bir türk vətəndaşı lazım olarsa bizimlə çiyin-çiyinə vuruşmağa hazır olduğunu söylədi. Bu bizə ruh verdi, güc verdi. Azərbaycan Prezidenti dünyaya açıq mesaj verdi ki, bu gün Türkiyə Cənubi Qafqazda inkişaf və sabitlik adasının yaranmasında çox mühüm bir faktora malikdir və biz onun rolunu yüksək qiymətləndiririk.
Azərbaycan Prezidentinin “İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətləri rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq.Həmin bəyannamə bizim qarşımızda yeni üfüqlər açır” - bəyanatı ciddi məqamlardan xəbər verir. Bu iki qardaş ölkənin bölgə ilə bağlı gələcək planlarından və kimsənin Ankaranın bölgədəki rolunu küçümsəmək cəhdinə qarşı verdiyi sərt reaksiya idi.
Bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ilk dəfədir dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayır.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Xəyalə Ağayeva