
Dövlətimizin başçısının ünvanlanan suallara cavabları həm ölkəmiz, həm də region və dünyada baş verən hadisələrlə bağlı dolğun məlumatların əldə edilməsində zəngin mənbədir. Bu kimi tədbirlər, eyni zamanda, Azərbaycanın sabit, təhlükəsiz ölkə, əməkdaşlıq məkanı olduğunu bir daha nümayiş etdirir. Bu konteksdə diqqət göstərilən mühüm hadisələrdən biri kimi ötən ilin noyabrında Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim konfransı oldu. Dövlət başçısı İlham Əliyev əsaslı şəkildə Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Yaşıl gündəliyimizin geniş olması ilə yanaşı, bu reallıq da xüsusi qeyd edildi ki, neft və qaz olmadan inkişafı, gələcəyimizi planlaşdırmaq, vətəndaşlarımız üçün lazımi şəraitləri təmin etmək mümkün olmayacaq. Azərbaycanın yaşıl gündəliyi, müxtəlif tərəflər arasında anlaşma yaratmaq kimi məsələlərdə göstərdiyi səylər BMT və bir çox beynəlxalq tərəfdaşlar tərəfindən yüksək dəyərləndirilir. COP29 bunun bariz nümunəsi oldu. İqlim konfransı bir daha Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olduğunu göstərdi. Birgə səylər əsasında hədəfə doğru inamlı addımlar qaçılmazdır.
Prezident İlham Əliyev günümüzün bu çağırışını da diqqətə çatdırdı ki, Azərbaycan bu gün elə bir mərhələdədir ki, hələ də özünü müdafiə etməyə ehtiyacı var. Bizim media işçilərinin əhatə dairəsi nə qədər çox geniş olarsa, ölkə haqqında o qədər də dəqiq, dolğun və ədalətli məlumat dünya ictimaiyyətinə çatdırıla bilər. Mediamız artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli yeni reallıqdır.
Nəbi Hacıyev-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi