Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar ordu quruculuğu sahəsində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.Biz şəhidlərin qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik.
Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və müşahidə etdiyimiz keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü işlərin nəticəsidir.
Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Bizim bütün şəhərlərimiz yerlə-yeksan edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. 67 məsciddən 63-ü tamamilə dağıdılıb, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Məscidlərdə mənfur düşmən bütün dünya müsəlmanlarını təhqir etmək üçün inək, donuz saxlayırdı.
44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. 44 gün ərzində bizə ən böyük dəstək verən ölkə qardaş Türkiyə olmuşdur. Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt unutmayacağıq.Müxtəlif dövrlərdə Türkiyə ilə birgə keçirilmiş hərbi təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsi və taktik manevr etmə səriştəsi əsaslı şəkildə artmışdır.II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.
Ədalət Əsgərov,
Cəlilabad rayon Ağsaqqallar Şurasının sədri