2010-cu il 16 avqust tarixində “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”ni Şuşa Bəyannaməsi bir daha təsdiq etmiş oldu. Qeyd edək ki, bəyannamadə hərbi yardım barəsində müddəalar öz əksini tapmışdır. Hər iki tərəf həm qardaş,həm də qonşu dövlət olaraq bir-birinin suverenliyinin, müstəqilliyinin,ərazi bütövlüyünün qorunmasında, sərhədlərinin toxunulmazlığının təmin olunmasında daim bir-biri ilə möhkəm qarşılıqlı əlaqədə olacaqlar. Əgər bu iki tərəfdən birinin ərazi bütövlüyü,suverenliyi,sərhədlərinin toxunulmazlığı təhlükə qarşısında qalarsa və ya buna dair hər hansı bir təhdid edilmə halı baş verərsə, tərəflər bunun aradan qaldırılmasına dair tədbirlər görülməsi yolunda danışıqlar aparacaqlar. Eyni zamanda,bu iki dövlətdən biri digər bir dövlət tərəfindən silahlı basqın, hərbi zorakılığa məruz qalarsa ,öz güc və hərbi qüvvələri daxilində lazımi tədbirlərin keçirilməsi istiqamətində qarşılıqlı yardım göstərəcəklər. Bu yardımın hansı formada və hansı miqdarda həyata keçirilməsi də tərəflər arasında razılığa gəlinəcəkdir. Bu səbəbdən də silahlı qüvvələr arasındakı əlaqələr və qarşılıqlı əməkdaşlıq daha da gücləndiriləcəkdir.
Bunu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında bir-birinə yardım göstərmək,qarşılıqlı dostluq və əməkdaşlığı daha əvvəllər də bir çox hüquqi sənədlərdə qeyd olunmuşdur. Lakin Şuşa Bəyannaməsində bunların bir daha vurğulanması,həm dünya ictimaiyyəti, həm də məğlubiyyəti ilə barışmaq istəməyən Ermənistana güclü bir siyası göndərmədir. Bu siyasi mesaj açıq-aşkar bildirir ki, əgər Azərbaycan yenə hər hansı bir təhdidə, hərbi zorakılığa məruz qalarsa, Türkiyə yalnız mənəvi və siyasi deyil, həmçinin bütün hərbi qüvvəsi ilə səfərbər olacaq və daim Azərbaycanın yanında olacaqdır. Həm dünya ictimaiyyəti, həm də Ermənistan üçün gözdən qaçırmayacaqları önəmli bir məqam da Türkiyənin NATO-nun üzvü olması gerçəyidir.
Cənab İlham Əliyev imzalanma mərasimində Şuşa Bəyannaməsinin mahiyyəti və önəmini konkret olaraq belə dəyərləndirmişdir: “Bəyannamə yaxşı bir əməkdaşlıq sənədi olmaqla yanaşı, həm də gələcək münasibətlər üçün də zamanətdir”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə, Azərbaycanın bir daha buna bənzər bir fəlakət yaşamaması üçün texnoloji transfer və ortaq istehsal kimi zəruzi tədbirlərin görüləcəyini bildirdi.
Azərbaycanın, eləcə də Türk dünyasının mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanan bu tarixi sənədin Qafqazda təhlükəsizliyin sabitlənməsi,regiondakı dövlətlər arasında istər nəqliyyat, istərsə də iqtisadi əlaqələrin yaxşılaşdırılması, sülh şəraitində yaşayışın təmin edilməsində müstəsna xidməti olacaqdır .
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Çinarə Məhəmmədli