Şuşa Bəyannaməsi istər iki qardaş dövlət, istərsə də region ölkələri arasında siyasi, iqtisadi və mədəni sferada inteqrasiyanın güclənməsinə xidmət edə biləcək bir məzmuna köklənmişdir

Şuşa Bəyannaməsi istər iki qardaş dövlət, istərsə də region ölkələri arasında siyasi, iqtisadi və mədəni sferada inteqrasiyanın güclənməsinə xidmət edə biləcək bir məzmuna köklənmişdir
Böyük Zəfərlə başa çatmış Vətən müharibəsi bizə təqribən bir qərinə boyu işğal altında qalmış torpaqlarımızı azad etmək sevinci yaşatmaqdan əlavə dövlətimizin beynəlxalq nüfuzunu misilsiz dərəcədə artırmış oldu. Adına Zəfər dediyimiz bu möhtəşəm simfoniyanın əzəmətli akkordlarından biri 2021-ci ilin 15 iyununda Şuşa şəhərində Türkiyə və Azərbaycanın dövlət başçılarının görüşü zamanı imzalanan tarixi Bəyannamə oldu.
Şuşa Bəyannaməsi istər iki qardaş dövlət, istərsə də region ölkələri arasında siyasi, iqtisadi və mədəni sferada inteqrasiyanın güclənməsinə xidmət edə biləcək bir məzmuna köklənmişdir. Bu tarixi sənəd təkcə Azərbaycan və Türkiyənin deyil, həm də bölgənin iqtisadi dirçəlişi üçün həyatverici qüvvəyə malik müddəlarla zəngindir.
Bəyannaməni imzalayan tərəflər onun mətnində tarixi keçmişin təcrübəsini əsas gətirərək, 13 oktyabr 1921-ci il Qars müqaviləsinin, 9 fevral 1994-cü il tarixli” Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin, 16 avqust 2010-cu ildə bağlanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin məntiqi davamı olaraq, Şuşa Bəyannaməsinin beynəlxalq hüquq prinsiplərinə və dövlətlərarası təəhhüdlərə uyğunluğunu izhar etmişlər. Bu gün hər kəsə aydındır ki, Azərbaycanla Türkiyə arasında yeni, daha yüksək müstəviyə qalxan münasibətlər regionda qlobal sabitliyin əsas faktorudur.
Eyni zamanda türk dünyasının mütəmadi inkişafına yönəlik qarşılıqlı fəaliyyətlərin regional və beyəlxalq müstəvidə irəli aparılması nəzərdə tutulur. İki dövlət təmsil olunduqları bütün beynəlxalq təşkilatlarda fəaliyyətlərini qarşılıqlı surətdə əlaqələndirəcəklər. BMT, ATƏT, Avropa Şurası, Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı və başqa mötəbər qurumların müştərək üzvü olan ölkələrimiz onların hər birində sanballı siyasi çəkiyə malik olan liderləri ilə söz sahibidirlər və bu nüfuz gündən-günə artmaqdadır.
Bəyannamə müəllifləri bildirirlər ki, tərəflərdən hər hansı biri öz təhlükəsizliyinə ,suverenliyinə, ərazi bütövlüyünə real təhdid görərsə, digər tərəflə siyasi məsləhətləşmələr apararaq BMT Nizamnaməsinə uyğun olaraq, yardım göstərəcəkdir. Eyni zamanda tərəflər öz üzərinə davamlı olaraq Təhlükəsizlik Şuralarının birgə iclaslarının keçirilməsi, birgə ordu təlimlərinin təşkili haqqında təəhhüd götürmüşdülər.
İşğaldan azad edilmiş ərazilərdə minalardan təmizlənmədən başlamış quruculuq işlərinin həyata keçirilməsinə qədər birgə əməkdaşlıq nəzərdə tutulmuşdur. Ticarət-iqtisadi sahədə istehsalın şaxələndirilməsi, inteqrasiya olunmuş investisiya siyasəti göz önünə alınmışdır.
Bəli!..Şuşa Bəyannaməsi imzalandıqdan sonrakı dövrdə Azərbaycanla qardaş Türkiyə arasında sarsılmaz dostluğun inkişaf dinamikasını izləmək necə də qürurvericidir.Yaşasın Azərbaycan-Türkiyə dostluğu, var olsun türk dünyası!

Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
tarix müəllimi Elxan İsmayılov


Oxşar xəbərlər