Azərbaycan neftdən, qazdan əldə olunmuş gəlirlərdən düzgün istifadə edir

Azərbaycan neftdən, qazdan əldə olunmuş gəlirlərdən düzgün istifadə edir Prezident İlham Əliyev bu ilin noyabr ayında ölkəmizdə təşkil olunması nəzərdə tutulan COP29-a hazırlıq çərçivəsində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib. Eyni zamanda, Azərbaycan liderinin Almaniya Federal Kansleri Olaf Şolts ilə ikitərəfli görüşü olub. Azərbaycan və Almaniya rəhbərləri görüşdən sonra birgə mətbuat konfransında çıxış ediblər, jurnalistlərin suallarını cavablandırıblar. Dövlət başçısının, həmçinin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşü olub. Çıxışı çərçivəsində cənab Prezident xüsusilə Almaniya Kansleri Olaf Şoltsa COP29-un ölkəmizdə təşkil olunması istiqamətində verdiyi dəstəyə görə təşəkkür edib.
Qlobal sferaya nəzər salanda biz şahidi oluruq ki, Azərbaycanın dünyada baş verən qlobal hadisələrin həllində rolu gün keçdikcə daha da artır. Bizim hazırda yaşıl gündəliyimiz var və Azərbaycan istər COP29-a qədərki, istərsə də COP29-dan sonrakı dövrdə iqlim dəyişikliyinə qarşı mübarizədə öz töhvəsini verməyə davam edəcək. Azərbaycan bərpaolunan enerjinin istehsalı və ixracı sahəsində böyük potensiala malikdir. Cənab Prezident İlham Əliyev Dialoq çərçivəsindəki nitqində də bu barədə geniş məlumat verərək, qeyd edib ki, bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. O vurğulayıb ki, 2027-ci ilin sonuna qədər isə 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək.
Ölkəmizin neft və qaz ehtiyatından danışarkən, prezident İlham Əliyev deyib: “Neft və qaz Tanrıdan verilən böyük nemətdir və ölkələrə bu nemətə görə qiymət verilməlidir. Azərbaycan neftdən, qazdan əldə olunmuş gəlirlərdən düzgün istifadə edir. Buna görə də Azərbaycanda yoxsulluq şəraitində yaşayanların faizi son 20 il ərzində 50 faizdən 5 faizə düşmüşdür. Məhz buna görə Azərbaycan öz iqtisadi potensialını ortaya qoya bilib. Ölkəmizin birbaşa xarici borcu ümumi daxili məhsulumunun cəmi 7,9 faizinə bərabərdir. Neftdən, qazdan gələn gəlirlər cəmiyyətdə ədalətli bölünür və bu gün, ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpasına istiqamətləndirilir”
Prezident həmçinin, Azərbaycanın ərazi bütövlüyü kimi aktual məsələyə də toxunaraq qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. O vurğulayıb ki, Azərbaycan 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad edib və keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa edib.

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
direktoru Mehriban Hacıyeva


Oxşar xəbərlər