Artıq müstəqilliyimizi bərqərar etdiyimiz günlərdən bu yana ölkəmiz regional və beynəlxalq miqyaslı bir sıra mötəbər festivallara,idman yarışlarına,elmi simpozium və qlobal konfranslara ev sahibliyi etmişdir.Xüsusilə son illərdə respublikamızda vüsət alan dinamik inkişaf tempi,sosial-mədəni infrastrukturanın formalaşdığı mühit hər cür çeşidli əhəmiyyətli tədbirlərin Bakıda ,eləcə də Vətənimizin digər şəhərlərində keçirilməsini mümkün edir.
Ötən ilin sonlarında daha bir sevindirici və sevindirici olduğu qədər də məsuliyyət doğuran bir xəbər də növbəti sürprizlər siyahısına əlavə edildi-BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Konvensiyası Azərbaycanda,Bakı şəhərində keçiriləcək. Qeyd edək ki,adı çəkilən məsələ ilə bağlı qərarı ötən ilin 11 dekabrında COP 28-in Dubayda keçirilən sessiyasının iştirakçıları qəbul etmişdilər.
Təbii olaraq ilk ağla gələn budur ki,Azərbaycan bu kimi beynəlxalq miqyaslı toplantıları həmişə yüksək səviyyədə təşkil edib.Lakin Cənab İlham Əliyevin dediyi kimi, COP 29 indiyə qədər baş tutmuş tədbirlərin heç birinə bənzəmir. Belə ki,iki həftə ərzində planetin müxtəlif guşələrindən fəlmiş 70 mindən çox mötəbər müsafir Bakını həqiqətən bütün meridianların coğrafi koordinatına çevirəcəkdir.
COP deyilən təşkilat isə ötən əsrin 90-cı illərində təsis edilib. Hələ 1992-ci ildə Rio-de Janeyro şəhərində keçirilmiş sammitdə İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası bağlanmışdı. Bu əsasda əgər üzvlərin etirazı olmazsa,hər il bu xüsusda Tərəflər Konfransı(Conference of Parties)keçirilməsi gözə alınmışdır.Tərəflərin Konfransı Çərçivə Konvensiyasının işinin icrasına nəzarət edən qərarverici orqandır.
Konvensiyaya 198 ölkə üzv kimi yazılıb. COP-un ilk sesiyası 1995-ci ildə Berlində baş tutub.Baş katiblik Bonn şəhərində yerləşir.
Azərbaycanın COP 29-a sədrliyi məsələsi Şərqi Avropa ölkələrinin yekdil rəyi əsasında verilib. Namizədlər arasında Ermənistanın və Bolqarıstanın da konkurent kimi çıxış etməsi, sonda isə hər iki ölkənin bu iddiadan geri durması bu çətin və məsuliyyətli yükün ağırlığına tab gətirməmək anlamını vermirmi?!
COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
“Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”, - deyə Prezident İlham Əliyev ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə vurğulayıb.
Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Buna misal olaraq, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Energetika Nazirliyinin məlumatına əsasən, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.
Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri “təmiz ətraf mühit” və “yaşıl artım”la bağlıdır. Bu isə yaşıl iqtisadiyyata keçidlə bağlı qarşıya yeni hədəflər qoyur. Bu prioritetlər qəbul edilənə qədər 2020-ci il yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı imzalanmış müqavilə əsasında 2022-ci il yanvarın 13-də “ACWA Power” şirkəti ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. 2022-ci il martın 15-də isə Bakıda “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti ilə dörd anlaşma memorandumu imzalanıb.
Həmçinin 2022-ci il dekabrın 15-də Azərbaycanın Energetika Nazirliyi və Avstraliyanın “Fortescue Future Industries” (FFI) şirkəti arasında ölkəmizdə bərpaolunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb. Müqavilə Azərbaycanda bərpaolunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 qiqavatadək layihələrin araşdırılmasını və reallaşdırılmasını nəzərdə tutur. Beləliklə, Azərbaycan üç əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqavilələr imzalayıb. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcək. Bu həcmin təqribən 12 qiqavatı FFI şirkəti, təqribən 10 qiqavatı “Masdar” şirkəti, bir hissəsi isə “ACWA Power” şirkəti tərəfindən istehsal olunacaq.
Ötən il fevralın 3-də Bakıda keçirilən ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası ilə yanaşı, ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası baş tutub. Bu iclas Azərbaycanın bərpaolunan enerji istehsalı məsələsinə nə dərəcədə önəm verdiyini göstərir.
Bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
direktoru Təhmasib Məmiyev