Gözəl Azərbaycanımızın ən dəyərli bölgələrindən biri olan Laçın rayonu Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə 1 dekabr tarixində işğalçılardan geri alınmışdır. Bu yolda canından keçməyə hazır olan güclü ordumuzun şəxsi igidlik və şücaət nümayiş etdirmiş minlərlə mərd oğulları “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Həmin tarixlərdə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətimizdə olmasa belə çox keçmədən -2022-ci ilin 26 avqust tarixində öz sahiblərinə qaytarıldı. Laçını qaytarılması prosesi Azərbaycan xalqı üçün xüsusi əhəmiyyətli bir hadisə olsa da laçınlılar üçün əvəzolunmaz bir tarix idi. Çünki, laçınlılar uzun illər çəkən həsrətdən sonra öz doğma yurdlarına, torpaqlarına qayıtdılarlar və artıq burada yaşayırlar. Artıq minə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər bu rəqəmin daha da artması üçün işlər görülür. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq. İllərdir dağıntılar altında qalmış Laçına həyat qayıdıbdır artıq. İllər sonra bu qayıdışın yaratdığı sevinc hissələri danılmazdır. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi.
Cənab Prezident İlham Əliyevin sayəsində Laçın şəhərinin cəmi 8 ay ərzində yenidən qurulması həmçinin bu torpaqların sahibi olan xalqımızın həm istedadını, həm iradəsini göstərir. Hər kəs bilir ki bu hələ başlanğıcdır. Yenidənqurma işləri yalnız evlərin tikilməsi ilə yekunlaşmır. 2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb, yol-nəqliyyat infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etdirilib, 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılan Laçında Beynəlxalq Hava Limanının tikintisi həyata keçirilir. Gözəl təbiətə malik bu şəhərimizin planlaşdırmasında tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılması gözlə görünəndir. Azad edilmiş ərazilərə hər gələn insan öz gözləri ilə erməni vəhşiliyinin təzahürlərini, Azərbaycan xalqının isə öz doğma torpağında qurub-yaratdığını görür. Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq və Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük.
Zabrat qəsəbəsi, 71 № li tam orta məktəbin
Təlim tərbiyə işləri üzrə direktor müavini Elnurə İsmayılova