Laçın şəhərində yenidənqurma işlərinə müharibə başa çatan kimi start verilmişdir

Laçın şəhərində yenidənqurma işlərinə müharibə başa çatan kimi  start verilmişdir
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.
Bu tarixi hadisənin 28 may gününə təsadüf etməsi isə rəmzi məna daşıyır. Cənab Prezident İlham Əliyev əhali ilə görüşü zamanı böyük fəxarət hissi ilə bildirdi ki : “Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır”. Cənab Prezidentin çıxışına istinadən qeyd etmək yerinə düşər ki, bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqram deyil. Laçın şəhərinin Baş planı hazırlanıb təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı çox dəqiq fəaliyyət planı var və beləliklə, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək.
Laçın şəhərində yenidənqurma işlərinə müharibə başa çatan kimi start verilmişdir. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilmiş və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunmuşdur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulmuş, ya da ki, tamamilə əsaslı təmir olunub. 30-dan çox ictimai bina inşa edilib. Cənab Prezidentin göstərişilə bütün bu işlər ilin sonuna qədər başa çatmaldır ki, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Göründüyü kimi Laçınımızın dirçəlişi və dinamik inkişafı üçün dövlətimiz tərəfindən çoxşaxəli fəaliyyətlər icra olunmaqdadır. Əminliklə qeyd edə bilərik ki, Cənab Prezidentimiz İlham Əliyevin tapşırıq və tövsiyyələrinin icra olunması ilə yalnız Laçın deyil bütün digər işğaldan azad olunmuş diyarlarımız yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır.

Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev


Oxşar xəbərlər