Laçının doğma sahiblərinə qayıtması

Laçının doğma sahiblərinə qayıtması

27 sentyabr tarixində başlayıb 44 gün davam edən, şanlı tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsi 10 noyabr tarixində düşmənin kapitulyasiya aktı imzalayaraq rüsvayçı şəkildə məğlubiyyətinə, bizim isə tarixi zəfərimizə səbəb oldu. 30 ilə yaxın bir müddətdə 1mln qaçqını olan dövlət olaraq BMT qətnamələrinin həyata keçirilməsini gözlədik. Lakin bu qətnamələr uzun illər yalnız kağız üzərində qaldı. Azərbaycana 5 rayonun qaytarılması modeli təklif olunsa da dövlətimiz ərazi bütövlüyümüzü güzəştə getmədi və bu məsələ müzakirə mövzusu olmadı. Çünki bu,bizim mövqeyimiz idi. Ermənistan və onun havadarları Laçının onlara dəhliz kimi verilməsində israrlı olsalar da onların bu istəyi heç vaxt reallaşa bilməzdi. Uzun illər ərzində Laçın rayonuna ermənilərin qanunsuz məskunlaşdırılması həyata keçirilib. Halbuki, Laçında heç vaxt ermənilər yaşamayıb. Müharibənin sülh yolu ilə qan tökülmədən həllini istəsək də mənfur düşmənin min bir bəhanə ilə torpaqlarımızı işğalda saxlaması sonda dövlətimizi hərbi-siyasi yola əl atmağa vadar etdi. Cənab Ali Baş Komandanın düzgün və uzaqgörən siyasəti nəticəsində ordumuz zor gücü ilə, dəmir yumruq bahasına torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqust 26-da isə Laçın şəhəri , Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləcə, kağız üzərində qalan, illərlə həllini gözləyən BMT qətnamələrini, tarixi ədaləti özümüz döyüş meydanlarında bərqərar etdik. Üçtərəfli bəyanata əsasən, 3 rayon-Ağdam, Kəlbəcər və Laçın siyasi yolla, qan tökülmədən, dinc yolla öz əsl sahibinə qaytarıldı. Əlbəttə, bu əsl siyasi qələbə idi. Xalq olaraq Cənab Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək öz tarixi dədə-baba torpaqlarımıza əbədi olaraq qayıtdıq. İndi Laçında bizim ay ulduzlu, üçrəngli bayrağımız dalğalanır.
2020-ci il noyabrın 26-da Laçın rayonunun işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Laçının azad olunmasına görə” medalı təsis olunub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə Laçının işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
Laçın bizimdir! Qarabağ Azərbaycandır!

Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Billurə Yusifova



Oxşar xəbərlər