Ay Laçın. Can Laçın.. Laçın daha düşmənin ayaqları altında inləmir. Əksinə Qarabağda – Laçınımızda bayram-bayrama qarışıb . Laçınlılar 30 il sonra doğma yurdda olmağın sevincini yaşayırdılar ki, bir anda Prezident İlham Əliyevi yanlarında gördülər. Onlar Müstəqillik Gününü azad Laçında Dövlət başçısı ilə bir yerdə qeyd etdilər.
Prezident İlham Əliyev Laçında çıxışı zamanı may ayında Laçını tərk etmək məcburiyyətində qalan vətəndaşlarımızın Laçına elə may ayında qayıtmalarına diqqət çəkdi. Bildirdi ki, Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi. Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu.
Ermənilər işğal olunan digər ərazilərimiz kimi Laçın şəhərini də vandalizmə məruz qoyublar. Mənfur düşmən 30 il ərzində bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub.
44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. İmzalanan üçtərəfli birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı.
2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Digər ərazilərimizdə olduğu kimi, Laçın rayonuna da həyat yenidən qayıtdı. Azərbaycan isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünləri öz doğma yurdlarına qaytardı.. 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən quruldu.
Birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürüldü.. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salındılar.
İlkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Onlar Laçın şəhərində işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş və zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşıblar.Laçında bütün lazımi şərait yaradılıb.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev Laçına səfəri zamanı şəhərin bir neçə küçəsində lövhələrin açılışını etdi. Çoxmənzilli yaşayış binasının təməlini, işğal və Zəfər muzeylərinin təməlini qoydu. Doğma sakinlərlə görüşdə Prezident hər dəfə sülh danışıqlarını pozan Ermənistana bir daha xəbərdarlıq etdi. Bildirdi ki, Ermənistan delimitasiya istəmirsə, olmayacaq. Ancaq o zaman sərhəd Azərbaycanın istədiyi yerdən başlayacaq.
İllərlə yurd həsrəti çəkən sakinlərinin qayıdışı ilə Laçın daha da gözəlləşib, canlanacaq.
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
İnformatika müəllimi Abidə Sadiqova