Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır

Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır Prezident İlham Əliyevin Şuşada keçirilən III Qlobal Media Forumunun açılış mərasimində səsləndirdiyi fikirləri həqiqəti əks etdirir. Həm Azərbaycanın son 30 ildə keçdiyi ağır mərhələnin qısa xarakteristikasını verir, həm bu müddət ərzində hansı xalqlarla qonşuluq etdiyimizin acı həqiqətlərini ortaya qoyur, həm düşmənimizin xislətini açır, həm də Azərbaycanda çox çətinliklə əldə olunmuş və möhkəm əsaslara malik olan sabitliyin mənzərəsini nümayiş etdirir, həm dövlətimizin keçmişdəki hadisələrdən hər zaman lazımi nəticə çıxarmaq qabiliyyətində olduğunu göstərir, həm də bundan sonrakı vəzifələri müəyyənləşdirir. Azərbaycan çox böyük çətinliklə bu mərhələni aşaraq müharibə yolu ilə ərazi bütövlüyünü təmin edə bildi. Bu gün ölkəmizdə mövcud olan sabitlik aparılan dövlət siyasətinin cəmiyyət tərəfindən anlayışla qarşılanmasına söykənir. Eyni zamanda, Azərbaycan Ermənistan hakimiyyətində hələ də revanşist qüvvələrin olduğunu istisna etmir. Azərbaycan Prezidentinin də dediyi kimi, proseslər Ermənistan hakimiyyətində revanşist qüvvələrin uzun müddət siyasətdə qalacağını düşünməyə əsas verir. Bu nöqteyi-nəzərdən Şuşa forumunda Prezident tərəfindən səsləndirilən bu fikirlər həm Azərbaycanın bugünkü vəziyyətini göstərmək baxımından maraqlıdır, həm də ölkənin öz müdafiə qabiliyyətini daim möhkəmləndirməyə ciddi bir fəaliyyət istiqaməti kimi baxdığını nümayiş etdirir.
Milli Məclisin deputatı Azərbaycanın böyük investisiyalar məkanına çevrilməsinə də diqqəti yönəldib. Beynəlxalq əhəmiyyətli bu kimi tədbirlər Azərbaycanın bütün sahələrdə malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Təbii ki, əməkdaşlıq əlaqələrinin inkişafında iqtisadi amil əsasdır. Dövlət başçısı İlham Əliyev sözügedən Qlobal Media Forumunda xarici sərmayələrin təşviqi baxımından hansı əlavə tədbirlərin görüləcəyindən, iqtisadiyyatımızda ən perspektivli sahələrdən, Azərbaycanın etibarlı tərəfdaşlarının hansı ölkələr və şirkətlər ola biləcəyindən danışdı. Regional əməkdaşlıq və inkişaf üçün prioritet layihələr də diqqətdə oldu. Xarici sərmayələri şərtləndirən amillər bir daha təhlil edildi.
Azərbaycan dövlət olaraq mürəkkəb bir bölgədə olduğunun fərqindədir. Ermənistan və digər bu kimi qonşulardan böyük təhlükənin gələcəyini yaxşı bilir. Ona görə də doğru olaraq belə bir strateji xətt seçilib ki, bütün bu təhlükələrin qarşısında dayanmağın yeganə bir yolu var. Bu da ölkənin ordusunu gücləndirmək, hazırlıq qabiliyyətini yüksək səviyyədə saxlamaq və hərbi-texniki təchizatını daim yaxşılaşdırmaqdan ibarətdir. Prezidentin bu çıxışı Azərbaycanın gələcəyə doğru yönəlmiş fəaliyyətinin aydın istiqamətləri barədə rəy yaradır və göstərir ki, biz dövlətimizin gələcək təhlükəsizliyi və müdafiəsini hansı istiqamətdə təmin olunacağını çox yaxşı bilirik.
Gülşən Cabbarova-1 saylı Uşaq Somatik sanatoriyasının baş həkimi

Oxşar xəbərlər