Laçının inkişafına təkan verəcək əsas hadisələrdən biri hava limanının istifadəyə verilməsi olacaq

Laçının inkişafına təkan verəcək əsas hadisələrdən biri hava limanının istifadəyə verilməsi olacaq
Prezident İlham Əliyev cari ilin mart ayının 28-də Şərqi Zəngəzur iqtisadi rayonun daxil olan Laçın rayonunun xüsusi nümayəndəsi Məsim Məmmədovu qəbul edərkən rayonda görülən və görüləcək işlərdən söz açmışdır. O, çıxışında bildirib ki, Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır. Laçının çox füsunkar təbiəti – meşələri, dağları, çayları var. Bu, bir cənnət məkan olacaqdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təstiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qaydış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur.
Laçının inkişafına təkan verəcək əsas hadisələrdən biri hava limanının istifadəyə verilməsi olacaq. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.
Laçın ərazisində tikiləcək aeroportla bağlı ilkin ideya var və bunun üçün ərazi də ayrılıb. Bu ərazinin mühüm əhəmiyyəti odur ki, bu aeroport təkcə Laçın üçün yox, həm də Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.
Bu ərazidə hava limanının tikilməsi ərazinin turistik potensialından geniş istifadə olunmasına imkan verəcək. Bütün bunlar həmin ərazilərin abadlaşdırılması və bərpası planları çərçivəsində həyata keçiriləcək.
İşğaldan azad edilən Laçın rayonunda aqrar, sənaye və turizm sahələri inkişaf etdirilməsi də nəzərdə tutulmuşdur. Bu bölgədə tikinti-inşaat sektoru üçün əhəmiyyətli hesab edilən xammal bazası mövcuddur. İşğaldan öncə rayonda mərmər, əhəng sexləri, iki daş karxanası fəaliyyət göstərib. Bu, rayonun yenidən biznes ənənələrini bərpa etmək üçün fundamental əsaslardandır. Nəzərə alsaq ki, Qarabağın inkişafında əsas inkişaf faktoru tikinti sektoruna yararlı xammal bazasıdır, Laçın rayonu da bu istiqamətdə yaranacaq inkişaf trayektoriyasında mühüm paya sahib olacaq.
Bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın keçmiş köçkünlərin yerləşdirilməsi planlaşdırılıb. Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçiriləcək və bütün keçmiş məcburi köçkünlər o cümlədən Laçın rayonunun sakinləri tezliklə öz doğma yurdlarına qayıdacaqlar.


Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
əməkdaşı Aytən Əzimova

Oxşar xəbərlər