44 günlük vətən müharibəsi bizə sübut etdi ki, biz həm müharibə meydanında, həm də mediada tam olaraq özümüzü müdafiə edə bilirik. İstər müharibə zamanı, istərsə də müharibədən sonra Prezident İlham Əliyevin dünya mediası qarşısında alnıaçıq şəkildə haqqımızı müdafiə etməsi xalqı qürurlandırmışdır. Müharibədən üç il keçməsinə baxmayaraq, cənab prezident İlham Əliyev yenə də tutarlı dəlillərlə dünyanın müxtəlif televiziya kanallarına müsahibə verir. Prezidentin “Euronews” televiziya kanalına verdiyi müsahibə isə bunlardan sadəcə biridir. Prezident İlham Əliyev bu müsahibəsində bir sıra vacib məsələlərə toxunmuşdur. Dövlət başçısı müsahibəsində Ermənistanın yürütdüyü ikili siyasətdən, 44 günlük vətən müharibəsinin başlama səbəblərindən də bəhs etmişdir. Prezident qeyd etmişdir ki, hazırda bölgədə sülh üçün mühüm addımlar atılır. Ancaq bu addımlar təktərəfli ola bilməz. Ermənistan tərəfi də bu məsələyə konstruktiv yanaşmağı bacarmalıdır. Əgər qarşı tərəfdən belə bir yanaşma olarsa, il sonuna kimi sülh əldə etmək mümkün ola bilər. Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, biz heç vaxt müharibə tərəfdarı olmamışıq, gələcəkdə də müharibə istəmirik. Qeyd etmişdir ki, Qarabağdakı ermənilər də qondarma liderlərinin arxasınca getməməli, onlar Azərbaycan cəmiyyətinə qarışmalıdırlar. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşı kimi yaşamalı və seçim hüququna malik olmalı, ya da ərazini tərk etməlidirlər. Lider həmçinin, Laçın yolundakı vəziyyətdən də danışmış və bildirmişdir ki, bu yolda hərəkət bloklanmamışdır. Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsinin qurulması bizim legitim hüququmuzdur və heç kəs tərəfindən mübahisələndirilmir. Aprel ayının 23-dən etibarən təxminən 2 mindən artıq Qarabağ sakini rahat bir şəkildə Ermənistana gedib-gəlmişdir.
İstənilən halda iki dövlət arasında sülh bağlanması hər iki xalqın xeyrinədir. Prezident də çıxışında vurğulamışdır ki, hər iki xalqın sadə nümayəndələrinin qəlbində nifrət yoxdur. Çünki faktiki olaraq erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolu tikilməyə başlananda xalqlar arasında təmaslar olmuşdur. Hətta yolun inşası ilə məşğul olan insanlarla erməni icması arasında dostluq münasibətləri də qurulmuşdur. Tikintinin birinci ayında rusiyalı sülhməramlıları hər iki tərəfin təhlükəsizliyini təmin etsələr də, sonradan ehtiyac olmadığını görüb getdilər. Azərbaycan dövləti Qarabağ ermənilərinə Azərbaycan cəmiyyətinin bir hissəsi olmağı, təhlükəsizlik təminatları, həmçinin təhsil, mədəniyyət, dostluq təklif edir. Bu təklifi dəyərləndirib-dəyərləndirməmək isə onların azad seçimidir.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Qarayeva