Ay Laçın, Can Laçın
Can sənə qurban Laçın...
Məşhur mahnıda deyildiyi kimi can qurban olan Laçın 28 il erməni işğalı altında qaldıqdan sonra öz tarixi vətəninə qovuşmuşdur. Laçının azad olunmasından keçən 3 il ərzində ölkə rəhbərliyi bölgənin inkişafı istiqamətində əlindən gələni edir.
Prezident İlham Əliyev 28 mart çıxışında bildirmişdir ki, Laçın Azərbaycanın ən böyük və zəngin regionlarından biridir. Məhz bu səbəbdən bölgənin tezliklə dirçəldilməsi və buradan olan məcburi köçkünlərin bölgədə yerləşdirilməsi ölkə üçün əsas prioritet məsələlərdən biridir. Təəssüflər olsun ki, işğal altında olduğu müddət ərzində Laçın rayonu da digər bölgələrimiz kimi talan olunmuş, bölgəyə böyük ziyan dəymişdir. Bölgədəki meşə fondunun istismarı nəticəsində məşhur Laçın meşələri məhv edilmişdir. Eyni zamanda bölgədə qanunsuz məskunlaşma baş tutmuşdur ki, bu hərbi cinayət hesab olunmalıdır. Prezident İlham Əliyev I Qarabağ müharibəsi zamanı Laçının hansı səbəblərdən itirilməsindən söz açaraq, regionun itirilməsinin Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla coğrafi bağlantı yaratması faktoruna diqqət çəkmiş və bu amilin I Qarabağ müharibəsindəki məğlubiyyətin əsas faktoru olmasını bildirmişdir.
Laçının azad olunması prosesindən danışan İlham Əliyev bildirmişdir ki, Azərbaycan ordusu Laçın rayonun cənub hissəsini döyüşərək azad etmişdir. Bağlanan kapitulyasiya aktından sonra isə rayonun digər əraziləri siyasi yolla azad edildi. Hər bir halda bu Azərbaycanın tarixi zəfəridir...
Prezident Laçında görüləcək işlər və hədəflər barədə də danışaraq, regionun abadlaşdırılması və həmvətənlərimizin burada tezliklə məskunlaşdırılması işinin əsas hədəf olduğunu bildirmişdir.
İlham Əliyev Azərbaycan ordusunun Laçın istiqamətində əldə etdiyi mövqelərdən söz açaraq bildirmişdir ki, biz bu mövqelərdə özümüzü gücləndiririk və burada da qalacağıq. Azərbaycanın əsas hədəfi odur ki, soydaşlarımız burada məskunlaşdığı zaman onların təhlükəsizliyi tam təmin olunsun. Eyni zamanda Laçın rayonunda açılacaq hava limanı barədə danışan Prezident, dağlarla əhatə olunan regionda beynəlxalq hava limanının açılacağını bildirmişdir. Yenidən qurulan Kəlbəcər-Laçın yolunun inşası və yeni açılacaq Qubadlı-Laçın yolu barədə məlumatlar verilmiş, regiondakı digər layihələr barədə söz açılmışdır. Prezidentin regionla bağlı çıxışı, xalqmıza bir ümid ışığı, düşmənə isə göz dağıdır.
Cənab İlham Əliyev tarixi Azərbaycan torpaqlarında görülən və görüləcək işlər barədə danışmaqla bir daha bu yerlərin sahibinin kim olduğunu dünyaya xatırlatmışdır. Bütün bu işlər görülərkən dünya ictimaiyyətini ikili standartlarına da diqqət çəkilmişdir. Ancaq Azərbaycanın özünə və ordusuna güvəni bir daha xatırlanmışdır...
Laçını tezliklə çox daha gözəl, çox daha təhlükəsiz və həmvətənlərimizin yaşadığı region kimi görəcəyimizdən əminik. Bunu Azərbaycan Respublikası bacaracaq...
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
tarix müəllimi Xəyalə Əsgərli