Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqillik Günündə Laçına səfər etmişdir. Prezident çıxış zamanı səfərin sırf 28 may tarixində reallaşdırılmasının təsadüf olmadığını bildirmişdir. Laçın rayonu may ayında işğal olunmuşdu, 31 il sonra may ayında torpağın sahibləri vətənlərinə geri dönə bildilər. Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin güclü olmasını göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük bir hissəsi yenidən qurulmuşdur. İlk iyirmi ailə artıq Laçında yerləşdirilmişdir və iyun ayının sonun qədər əlavə bir çox ailələr gələcək və beləliklə, birinci mərhələdə Laçında 4000-ə yaxın insan yaşayacaq.
Cənab İlham Əliyevin Laçındakı çıxışının hər kəlməsi düşmənə bir dərs idi. Hər çıxışında olduğu kimi, bu çıxışda da vurğuladı ki, bizim məqsədimiz müharibə deyil. Biz hər zaman sülh tərəfdarı olmuşuq. Lakin ehtiyac olduğu təqdirdə, hərbi üsullara əl atmaqdan da çəkinməmişik. Bizim güclü iradəmiz, cəsur ürəyimiz var. 44 günlük Vətən müharibəsi zamanı heç bir dövlət kənardan müdaxilə edə bilmədi, bundan sonra da azad etdiyimiz torpaqlarda quruculuq işlərimizə heç kəs qarışa bilməz. Bundan sonrakı məqsədimiz isə odur ki, Naxçıvana yol açılmalı və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır.
Ermənistanla danışıqlar zamanı Azərbaycan Respublikası iqtisadi cəhətdən də gücünə güc qatmışdır. Bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, iqtisadi cəhətdən tam müstəqildir. Regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir addım atıla bilməz.
Bu gün Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. İşğaldan azad edilən ərazilərdə aparılan quruculuq işləri bu torpaqların gerçək sahibinin azərbaycanlılar olduğunu sübut edir. Vətən dediyin yeri gözəlləşdirərsən, qurarsan, yaradarsan. Mənfur düşmənin isə o torpaqları 30 il ərzində yerlə-yeksan etməsi, yandırması, viran qoyması özlərinin dedikləri ilə tərs mütənasibdir. Qarabağın onlara məxsus olduğunu iddia edərkən nə düşünürdülər? Dünyanın buna inanacağınımı? Artıq o qaranlıq günlər geridə qaldı. Laçın və Laçının simasında bütün işğaldan azad edilən topraqlar cana gəlir. Artıq Vətən bağı al-əlvandır, buna görə də xarıbülbülün səsi ürəkdən gələcək!
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Qarayeva