İnsan dünyaya göz açanda ilk duyduğu sözlər, xoşlandığı ana laylası onun üçün çox şirin və doğma olur. Hər bir şəxsiyyət ilk öncə ailədə formalaşır, sonra cəmiyyətə qatılır. Hər kəs də öz ailəsində, öz ana dilində adət-ənənələrimizi, əsl insanlığı öyrənir. Məhz ona görə də ana dili hər bir insan üçün çox müqəddəsdir.
Bizi dünyada millət kimi formalaşdıran öz ana dilimiz - Azərbaycan dilimizdir. Hər bir milli mənəvi dəyərlərimizi, milli kimliyimizi, tariximizi xalqımızın yeni nəsillərinə doğma Azərbaycan dilində çatdırırıq.
Azərbaycan dilini ən mükəmməl abidəsi "Kitabi-Dədə Qorqud" dastanıdır. Kitabi dədə Qorqudun dili həm də kamil yazı nümunəsidir. Dilimizin qədim tarixə malik olduğunu böyük Azərbaycan şairi Nizaminin qeydləri, türk xalqlarının əldə edilmiş yazılı abidələri də təsdiq edir.
Əsrlər boyu bir çox çətinliklərlə üzləşsə də mərd oğul və qızlarımız həmişə mətinliklə mübarizə aparmış dilimizi bu gün ki səviyyəyə yüksəltmişlər. 1995-ci ildə ümumxalq səs verməsi yolu ilə qəbul olunmuş konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Ulu öndərin "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Azərbaycan dili dünyanın ən zəngin milli dillərindən biridir. Bu dil bütün dövrlərdə öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdur. Bu dildə səslənən muğamlarımız, laylalarımız,musiqimiz dünyanın hər bir ölkəsində sevilir, hörmətlə qarşılanır.
Dil yalnız ünsiyyət vasitəsi deyil, mədəniyyətimizi, milli mənəvi dəyərlərimizi, soy kökümüzü yaşadır. Azərbaycan dili Azərbaycan xalqının varlığı deməkdir. Dilimiz bizim qürur mənbəyimizdir.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Vəfa Cəfərova