Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.
XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır.
Prezident Ali Baş Komandan cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, hər il noyabrın 20-i “Ağdam Şəhəri Günü“ təntənəli şəkildə qeyd edilir. Bu tarix xalqımız üçün qürur günüdür.
Dövlətimizin başçısı, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə "Dəmir yumruq" əməliyyatı Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazıldı. Ağdam şəhəri işğaldan azad oldu. Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.
1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etdi. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayındı.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Prezident cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5.790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Prezidentimiz cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən “20 noyabr Ağdam şəhəri günü “kimi müəyyən olunub .
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Ağdam şəhərinin tarixi abidələri yenidən bərpa edilir, müasir infrastruktur layihələri reallaşdırılır və bölgənin sosial-iqtisadi inkişafı üçün strateji əhəmiyyətli addımlar atılır. Prezident İlham Əliyevin Ağdama səfərləri zamanı həyata keçirilən təməlqoyma və açılış mərasimləri Azərbaycanın bu qədim yurduna xüsusi diqqətini göstərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənmişdir. Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhəri və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir. Ağdam şəhəri bərpa olunur. Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır.
Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkıdır. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Bərdə–Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub və 2025-ci il mayın 10-da açılmışdır.
2025-ci il mayın 10-da Ağdam Muğam Mərkəzi açılmışdır. Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib. Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq. Dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi, siyasi, sosial və mədəni inkişaf xətti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ağdam Azərbaycan xalqının tarixi yaddaşı, milli qürur mənbəyi və dirçəliş simvoludur. Bu gün həm də şəhidlərimizin xatirəsini əziz tutmaq və gələcək nəsillərə Ağdamın əzmkarlığını çatdırmaq günüdür. Bu gün Ağdamda reallaşan layihələr Böyük Qayıdışın tərkib hissəsidir. Biz bu gün fəxr edirik ki, qalib ölkənin qalib vətəndaşlarıyıq.
Zabrat qəsəbəsi,Elxan Misirxanov adına 71№-li tam orta
ümumi təhsil məktəbinin Uşaq Birliyi Təşkilatı Rəhbəri
Aynurə Qasımova