Azərbaycan xalqı bir yumruq kimi birləşərək, tarixi missiyasını yerinə yetirdi

Azərbaycan xalqı bir yumruq kimi birləşərək, tarixi missiyasını yerinə yetirdi
27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri yenidən təxribat törədərək Azərbaycan ordusunun mövqelərini, yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Kəndlərin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında ölən və yaralananlar olmuşdur.
Bu təxribata cavab olaraq əks-hücum əməliyyatı üçün əmr verən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciət etdi. Həmin müraciətdə deyilirdi: “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərlərinin bizim torpağımızda nə işi var?!”
Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Azərbaycan ordusunun “Dəmir yumruq” əməliyyatının ilk günlərində Qərvənd, Horadis, Yuxarı Əbdülrrəhmanlı kəndləri, daha sonra Füzuli, Cəbrayıl, Tərtər rayonunun 8 kəndi, erməni qəsbkarlarından təmizləndi və orada Azərbaycan respublikasının bayrağı qaldırıldı.
Oktyabr ayının 4-də Cəbrayıl şəhəri və 10 kəndi, oktyabrın 9-da Hadrud kəndi qəsəbəsi düşməndən təmizləndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordumuz Ermənistan hakimiyyətini atəşkəsə məcbur etdi. Artıq oktyabrın 17-də Füzuli, Xocavənd, oktyabrın 18-də isə Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı.
Ali Baş Komandan İlham Əliyev öz Twitter hesabında yazırdı: “Azərbaycan Silahlı qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına!! Qarabağ Azərbaycandır!!”
Oktyabrın 25-də Qubadlı işğaldan azad edildi. Oktyabr ayının sonlarında Azərbaycan Ordusu Şuşa-Laçın yolunun bir hissəsində nəzarəti ələ keçirdi.
Ali Baş Komandan öz çıxışlarında vurğulayırdı: “Şuşanı almasaq bizim işimiz yarımçıq olar.”
Noyabrın 8-də ordumuz əməliyyat keçirməklə Şuşa şəhərini işğaldan azad etdi. Bu xoş xəbəri Ali Baş Komandan müqəddəs bir məkandan- Şəhidlər xiyabanından xalqa çatdırdı: “28 il yarım işğal altında olan Şuşa azad edildi! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq. 2020-ci il Noyabrın 8-I Azərbaycanın tarixində əbədi qalacaqdır.’’
Bu həqiqətən də tarixi bir zəfər idi. Azərbaycan Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsini Zəfərlə başa çatdırdı və öz ərazi bütovlüyünü təmin etdi.
27 sentyabr 2020-ci il Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı oldu və tarixi Zəfərimizlə tamamlandı. Bu qabiliyyət bizə qürurumuzu, şərəfimizi də geri qaytardı. Bu gün artıq qara ləkələrin silindiyi bir təqvimimiz var.
Prezident bu müzəffər yürüşü və onun iştirakçılarının şücaətini əbədiləşdirmək məqsədi ilə bir neçə Fərman və Sərancam imzaladı. 8 noyabr Zəfər Günü və 27 sentyabr Anım Günü kimi təsis edildi. Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Bakı şəhərində Vətən Müharibəsi Memorial kompleksi və Zəfər muzeyinin yaradılması nəzərdə tutuldu. 76 min 349 nədər hərbi qulluqçu müxtəlif orden və medallara layiq görüldü.
Şübhəsiz, bu möhtəşəm Zəfər yürüşündə xalq-ordu, xalq-Prezident birliyi mühüm rol oynadı. Bu Azərbaycanın nə qədər güclü və qüdrətli dövlət olmasını bir daha təsdiqlədi. Bütün bunlar bir daha qənaətə gəlməyə əsas verir ki, öz möhtəşəm Zəfəri ilə yeni reallıqlar bəxş edən Azərbaycan teziklə Qarabağa da yeni həyat bəxş edəcək.

Balaxanı qəsəbəsi, 259 saylı tam orta məktəbin
ibtidai sinif müəllimi Rəna Xudayeva


Oxşar xəbərlər