Hərbi əməliyyatlar zamanı Qubadlının düşmən əsarətindən qurtulması müharibənin taleyində mühüm rol oynadı

Hərbi əməliyyatlar zamanı Qubadlının düşmən əsarətindən qurtulması müharibənin taleyində mühüm rol oynadı 2020-ci il sentyabrın 27-də Ermənistan cəbhə xətti boyunca ağır artilleriya və digər atıcı silahlardan istifadə edərək Azərbaycan ordusunun döyüş mövqelərini və yaşayış məntəqələrini atəşə tutmuşdur. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etmək məqsədilə Vətən müharibəsinə qalxmışdır. Qəhrəman əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütün Azərbaycan xalqı birlik və həmrəylik nümayiş etdirərək, işğalçıya layiqli cavab vermişdir. “Dəmir yumruq” əməliyyatı nəticəsində düşmən darmadağın edilmiş və Azərbaycan ordusu qələbə qazanmışdır.

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər və Laçın rayonlarını, Azərbaycanın mədəniyyət incisi hesab olunan Şuşa şəhərini, Xocavənd rayonunun Hadrut qəsəbəsini, Tərtər rayonunun Suqovuşan, Talış və Çaylı kəndləri işğaldan azad etdi. Bu torpaqlar Azərbaycan xalqının igid oğullarının, bizim əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qaytarıldı.

Hərbi əməliyyatlar zamanı qazanılmış qələbələr, xüsusilə Qubadlının düşmən əsarətindən qurtulması müharibənin taleyində mühüm rol oynadı. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi və şəhərdə ermənilər güclü istehkam qurmuşdular. Şəhərin girəcəyində düşmən hərbi baza yaratmış və yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Erməni istehkamlarından biri Xanlıq qəsəbəsində yerləşirdi. Xaricdə yaşayan ermənilər qanunsuz şəkildə Qubadlıda yerləşdirilmişdir. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan ordusu ilk növbədə şəhərə hakim olan yüksəklikləri daha sonra Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndlərini azad etdi. Ondan sonra Azərbaycan silahlı qüvvələri şəhərə daxil olub, buranı da düşməndən təmizlədilər.

Noyabrın 10-da Ermənistan öz məğlubiyyətini etiraf edərək, kapitulyasiya aktını imzalamağa, Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu. Azərbaycan xalqının əzmi və iradəsi, dövlətimizin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-Prezident birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu.

Ramana qəsəbəsi, 137 saylı tam orta məktəbin

tarix müəllimi Sadiq Allahverdiyev

Oxşar xəbərlər