ZƏFƏRİMİZ QÜRURUMUZDUR

ZƏFƏRİMİZ QÜRURUMUZDUR
2020-ci il Azərbaycan xalqı üçün yadda qalan bir tarix oldu. 44 gün davam edən Vətən müharibəsi ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan qədim Şuşamız işğaldan azad edildi. Qələbənin qazanılması xalqımızın tarixində yeni bir hadisə oldu. Bu böyük zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olunaraq 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoydu.
Sentyabrın 27-də başlayan və 44 gün davam edən haqq savaşında zəfər çalan Azərbaycan Ordusu təkcə ölkəmizdə deyil, bütün regionda yeni bir dönəmin əsasını qoydu. 30 ilə yaxın bir müddətdə erməni işğalında qalan torpaqlarımız ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar hesabına azad edildi. Ərazi bütövlüyümüzün təmin olunması məqsədi daşıyan bu haqq savaşı Azərbaycan dövlətinin və xalqının mübarizə əzmini, hərbi, iqtisadi, siyasi qüdrətini nümayiş etdirdi.
Azərbaycan xalqı bu müddət ərzində həsrətlə öz ata-baba yurduna dönəcəkləri günü gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi ilə nəticələnmişdir. Azərbaycanın dövlət sərhədləri bərpa edildi. Azərbaycan Ordusunun gücü qarşısında darmadağın olan düşmənin döyüş meydanına göndərdiyi hərbi texnikasının son dayanacağı Hərbi Qənimətlər Parkı oldu.
Bu gün zəfərimizin qürurunu yaşayırıq. Birliyimiz, həmrəyliyimiz sayəsində qovuşduğumuz torpaqlarda bərpa-quruculuq işlərini böyük ruh yüksəkliyi ilə həyata keçiririk. Bütün şəhər və kəndlərimiz müasir tələblər səviyyəsində yenidən qurulur. Bu gün bütün sahələrdə zəfərimizin reallıqlarını görürük. Azərbaycanın mövqeyi daha da möhkəmlənib. Azərbaycan qalib ölkə kimi beynəlxalq tədbirlərə qatılır. Bu gün hər bir azərbaycanlı qürurludur ki, artıq torpaqlarımızın işğal deyil, azad olunduqları tarixləri qeyd edirik.Bu sevinci, qüruru bizə yaşatdıqlarına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Zəfərin mübarək, Azərbaycan! Zəfərin mübarək, Azərbaycan xalqı!

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Ofelya Məmmədova




Oxşar xəbərlər