Zəfər tarixinə düşən hər gün Azərbaycan xalqının yaddaşında əbədiləşib və bu günlər unudulmazdır. Bu baxımdan, düz iki il bundan əvvəl Zəngilanın azad edilməsi və bununla bağlı 20 oktyabr tarixi də şanlı zəfər tariximizin silinməz salnamələrindəndir.
2020-ci ildə başladığımız haqq savaşında digər rayonlarımız kimi, Zəngilan da uzun həsrətdən sonra düşmən tapdağından azad edildi. Füzulinin, Cəbrayılın işğaldan azad edilməsindən sonra başlanılan Zəngilan döyüşləri Vətən müharibəsinin ən uğurlu, düşmənin ən çox itki verdiyi və uzun müddət davam edən hərbi əməliyyatlarındandır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi - 132 kilometr sərhəd tam bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlandı. Bu gün artıq bir qarış Zəngilan torpağı belə düşmən tapdağı altında deyil.
44 günlük haqq davamızda, eləcə də Zəngilan uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, 2020-ci il noyabrın 26-da "Zəngilanın azad olunmasına görə” medalı təsis edilmişdir. Rayonun adını yaşadan həmin medallar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına təqdim olunmuşdur. Bu gün şanlı ordumuzun 6972 hərbi qulluqçusu "Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Əldə etdiyimiz bu tarixi zəfər, torpaqlarımızın azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Dünyanın harasında olmasından, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz dövləti, onun zəfərləri ilə haqlı olaraq qürur duyur, azərbaycanlı olmağı ilə fəxr edir. Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, Şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuzun gücü sayəsində Zəngilan rayonu azaddır. Artıq zəngilanlıların və ümumilikdə Azərbaycan xalqının Zəngilan həsrətinə son qoyulub.
Zeynəb Əsədova,
Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi